www.science.az
19.06.2019 10:48

“İT-mütəxəssislər əmək bazarının intellektual idarə olunması” adlı monoqrafiya işıq üzü görüb

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədovanın müəllifliyi ilə “İT-mütəxəssislər əmək bazarının intellektual idarə olunması” adlı monoqrafiya çapdan çıxıb.

Müəssisənin elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, resenzentlər akademik Əli Abbasov və texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyevdir.

Monoqrafiya İT-mütəxəssislərə tələb və təklifin uyğunsuzluğu, qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən əmək bazarının İT-seqmentinin intellektual idarə olunmasının konseptual və metodoloji əsaslarının işlənilməsinə həsr olunub. Kitabda “İT-mütəxəssislər əmək bazarının intellektual idarə olunması” anlayışının müəllif şərhi verilmiş, İT sahəsində idarəetmənin müxtəlif səviyyələri üzrə peşə-ixtisas, kəmiyyət-keyfiyyət kəsimlərində insan resurslarına tələb-təklifin uyğunlaşdırılması üzrə qərarların qəbul olunmasını dəstəkləyən model və metodlar kompleksi təqdim edilib.

“İnformasiya Texnologiyaları” nəşriyyatı tərəfindən çap olunan monoqrafiya qeyri-müəyyənlik şəraitində idarəetmənin nəzəri və praktiki məsələlərinin həlli, qərarların qəbul olunması sahəsində çalışan mütəxəssislər, eləcə də əmək bazarının İT seqmentində vəziyyət haqqında elmi əsaslandırılmış informasiyanın əldə olunmasında maraqlı olan dövlət qulluqçuları, menecerlər, işəgötürənlər, İT-mütəxəssislər və fiziki şəxslər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.