Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər
19.06.2019 09:36
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Brüsseldə keçirilən tədbirdə iştirak ediblər

Belçikanın Brüssel şəhərində Tədqiqat və İnnovasiya üzrə “Horizon 2020” çərçivəsində Avropa Komissiyasının Şərq Tərəfdaşlığının (ŞT) EaP Plus layihəsinin final toplantısı və “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı. 2020-ci ildən sonra” adlı tədbir keçirilib.

Tədbirdə Avropa İttifaqına üzv dövlətlərin və ŞT ölkələrinin müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanı AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d., dosent Esmira Əlirzayeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Hüseyn, “Horizon 2020” proqramının maliyyə əlçatanlığı üzrə milli əlaqələndiricisi, İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.ü.f.d. Rüfət Efendiyev, “Horizon 2020” proqramının müştərək tədqiqat mərkəzi üzrə milli əlaqələndiricisi, Xəzər Universitetinin İnkişaf üzrə direktoru Raziyə İsayeva təmsil edib.

Tədbirdə EaP Plus layihəsi çərçivəsində əldə edilmiş nailiyyətlər təqdim olunub, ŞT ölkələrinin nümayəndələrinin uğurlu layihələri haqqında məlumat dinlənilib, “Horizon 2020” çərçivəsində seçilmiş benefisiarlar öz təcrübələrini bölüşüblər. Avropa Komissiyasının ekspertləri və məsul şəxsləri layihə ilə əlaqəli hesabat və növbəti mərhələ olan Horizon Avropa üzrə ŞT ölkələrinin alimlərinin layihələrə cəlb edilməsi və iştirak dərəcəsinin artırılması üçün tövsiyyələr sənədini auditoriyanın müzakirəsinə çıxarıblar. Bundan əlavə, Aİ-ŞT əməkdaşlığını gücləndirmək və təmin etmək üçün nəzərdə tutulmuş yeniliklər təqdim edilib. Horizon Avropa proqramı çərçivəsində bu əməkdaşlığın gələcəyi ətrafında müzakirələr aparılıb.

E.Əlirzayeva 2020-ci ildən sonra ŞT ölkələrinin Avropa Tədqiqat Sahəsinə inteqrasiyasının gücləndirilməsi sessiyasında məruzə ilə çıxış edib, Azərbaycan nümayəndə heyəti bu məsələ ətrafında fəal iştirak edib, onların təklifləri maraqla qarşılanıb.

Tədbir zamanı ikitərəfli görüşlər keçirilib və müxtəlif məsələlər ətrafında məhsuldar müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: