www.science.az
18.06.2019 12:26

Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III respublika elmi konfransı keçirilib.

Hər il ənənəvi olaraq təşkil edilən konfrans Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunub.

Tədbirdə muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak ediblər.  

Əvvəlcə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək tariximizin, mədəniyyətimizin öyrənilməsində və təbliğində muzeylərin rolundan danışıb. O, rəhbərlik etdiyi müəssisədə milli dəyərlərimizin mühafizəsi, bərpası və nümayişi istiqamətində görülən işlərdən bəhs edib.

Azərbaycanın ilk dövlət muzeyi olan İstiqlal Muzeyinin yaranma tarixi barədə məlumat verən akademik N.Vəlixanlı bildirib ki, 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan bu muzey cəmisi bir neçə ay fəaliyyət göstərib. 1920-ci il aprel ayının 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə muzey fəaliyyətini dayandırıb.

“Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa edib və 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılıb” – deyə bildirən alim 1919-cu ildə yaradılan muzeydən heç bir eksponatın qalmadığını söyləyib O, yenidən fəaliyyətə başlayan bu mədəniyyət ocağının "İstiqlal" adını alaraq birinci muzeyin mənəvi varisi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 28 il əvvəl 7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 20 mindən çox eksponat var. Muzeydə Azərbaycanın istiqlal yolunu geniş şəkildə işıqlandıran zəngin ekspozisiya yaradılıb.

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Elfira Məlikova “Müasir muzey fəaliyyətində yeniliklər” mövzusunda məruzəsini təqdim edib.

Konfransda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana və arxiv mövzuları üzrə 30-a yaxın elmi məruzə dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.