Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq tədbirdə müəllifi olduğu yeni molekulyar biotexnologiya ilə bağlı məruzə edib
18.06.2019 11:21
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq tədbirdə müəllifi olduğu yeni molekulyar biotexnologiya ilə bağlı məruzə edib

Cari ilin 10-12 iyun tarixlərində Latviyanın paytaxtı Riqada “Bitki əsaslı vaksinlər, antibiotiklər və biologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Norveç, Türkiyə və Cənubi Koreyadan olan alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.

Azərbaycanlı alim konfransda “Eukariot ifadə sistemində rekombinant proteinlərin Aberrant N-glikozilasiyası: Problemi necə həll etmək olar?” mövzusunda məruzə ilə çıxış edib.

Prof. Tərlan Məmmədov məruzədə vaksinlərin və terapevtik zülalların sintezi üçün ixtira etdiyi yeni molekulyar biotexnologiya, bu texnologiyanın geniş tətbiq sahələri və böyük iqtisadi imkanları barədə ətraflı məlumat verib. Alim qarayara və malyariya xəstəliklərinə qarşı yeni texnologiya ilə sintez edilmiş vaksinlərin artıq kommersiyalaşma mərhələsində olduğunu qeyd edib.

Məruzə dünyanın aparıcı ailmləri və bitki ekspresiya sistemi ilə rekombinant zülal sintezi ilə məşğul olan bir çox şirkətlərin (“Protalix”, “KBP Kentucky BioProsessing”, “Medicago”, “BioVaxx INC”, “Bioapp”, “Nomad Bioscience GmbH”, “Owensboro”, “Intrucept Biomedicine LLC”, “Icon Genetics GmbH”, “AeroFarms”, “Bayer AG” və s.) böyük marağına səbəb olub, çıxış ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyənin Akdeniz Universitetinin fəxri professoru olan T.Məmmədov molekulyar biologiya sahəsində mühüm ixtiraları ilə tanınan alimlərdəndir. Onun əsas elmi-tədqiqat istiqamətləri molekulyar biotexnologiyanın ən mühüm sahələrindən olan bitki ekspresiya sistemindən istifadə etməklə, rekombinant zülalların ekspresiyası və istehsalı texnologiyasının yaradılmasıdır. Alim ilk dəfə olaraq, bitki sistemi daxil olmaqla eukariotik sistemlərdə qlükansız zülal sintezini təmin edən ekspressiya sistemi texnologiyasını işləyib hazırlayıb. Bu texnologiya çox mühüm və çətin ekspressiya olunan mürəkkəb zülal antigenlərin, vaksinlərin və terapevtik zülalların yüksək aktivliklə sintez edilməsinə imkan yaradıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: