Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı keçirilib
13.06.2019 15:54
  • A-
  • A
  • A+

Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”, “Azərbaycan dilinin tarixi sintaksisi” və “Azərbaycan dilinin qrammatikası” kitablarının təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələlərinin mühüm yer tutduğunu bildirib. Qeyd edib ki, görkəmli alim qrammatika, ədəbi dil tarixi, poeziya, folklor, tarix və etnoqrafiya kimi çoxşaxəli, əhatəli və rəngarəng məsələlər üzərində dəyərli tədqiqatlar aparıb, xalqımızın tarixi, etnogenezi, kökü ilə bağlı bir sıra qaranlıq məsələləri araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitablar, dərsliklər ərsəyə gətirib. Bundan əlavə, istedadlı alim kimi böyük nüfuz qazanan Q.Kazımovun, həmçinin pedaqoq kimi fəaliyyət göstərdiyini, onun uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışdığını söyləyib.

Sonra akademiklər - Möhsün Nağısoylu, Nizami Cəfərov, professorlar - Nizami Xudiyev, Sayalı SadıqovaŞirindil Alışanov, Mahirə Hüseynova, Mirvari İsmayılova, İsmayıl Məmmədli, yazıçılar - Əlirza Xələfli, Yasin Nəsirli və şair Oktay Zəngilanlı çıxış  edərək alimin Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, alim Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti, araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.

Tədbirdə, həmçinin professor İlhami Cəfərsoyun “Türk dillərinin ümumxalq dili şəklində təmərgüzləşməsi tarixinin tədqiqi”, professor İsmayıl Kazımovun “Ümumxalq ədəbi dili sintaktik quruluşunun inkişaf yolunun tədqiqi” və professor Tofiq Müzəffəroğlunun “Milli ədəbi dilimizin qrammatik quruluşunun tədqiqi” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, vəsaitlərdə söz birləşmələri, cümlə və mətn problemlərinin öyrənilməsinə yeni baxış əsas götürülüb, mövzuların şərhinə mətnin aktuallaşdırılması imkanlarının tədqiqi mövqeyindən diqqət yetirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: