Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan florasının nadir növlərindən bəhs edən interaktiv dərs keçirilib
07.06.2019 10:18
  • A-
  • A
  • A+

Naxçıvan florasının nadir növlərindən bəhs edən interaktiv dərs keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhil məktəblərinin şagirdləri üçün növbəti “İnteraktiv açıq dərs” keçirilib.

Dərsdə bölmənin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasov “Naxçıvan Muxtar Respublikasının florasının nadir növləri və onların mühafizəsi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində ölkəmizdə və eyni zamanda muxtar respublikada təbiətin və təbii ehtiyatların mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, aparılan məqsədyönlü və planauyğun tədbirlər nəticəsində ekoloji mühit, flora və faunanın mühafizəsi diqqətdə saxlanılır.

Bu istiqamətdə Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri tərəfindən imzalanan fərman və sərəncamları şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, nadir, relikt, endemik bitki və heyvan növlərinin qorunmasında həmin sənədlərin böyük rolu var.

N.Abbasov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 15 avqust 2006-cı il tarixli sərəncamına əsasən, ilk dəfə olaraq bölgənin flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab”lar nəşr edilib. Vurğulayıb ki, 202 bitki növünün daxil edildiyi kitabın ikinci cildi nadir növlərin müasir vəziyyətinin müəyyənləşdirilməsindən başqa, həm də bitkiçiliyin elmi əsaslarla öyrənilməsi, səmərəli və davamlı istifadə olunması, qorunub saxlanılmasında da mühüm əhəmiyyətə malikdir.

Açıq dərsdə muxtar respublikanın florasının nadir növlərinin yayılması, bitdiyi yer, təbii ehtiyatı, çoxalması, bioloji xüsusiyyətləri, qəbul edilən və zəruri qorunma tədbirləri ilə bağlı ümumi məlumat verilib. Bildirib ki, diyarın təbii sərvətlərinin özünəməxsus xüsusiyyətlərinin öyrənilməsi, faydalı bitkilərin introduksiyası və onlar üzərində geniş miqyasda elmi-tədqiqat işlərinin aparılması Bioresurslar İnstitutunun qarşısında duran əsas vəzifələrdən biridir.

Alim, həmçinin institut əməkdaşları tərəfindən ekspedisiyalar zamanı təbiətdə çəkilmiş nadir növlərin şəkillərini şagirdlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: