www.science.az
31.05.2019 11:20

AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 65 yaşı tamam olur

İyunun 1-də görkəmli astrofizik alim, Beynəlxalq Astronomiya İttifaqının, Avropa və Avrasiya Astronomiya cəmiyyətlərinin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 65 yaşı tamam olur.

Quliyev Əyyub Salah oğlu 1 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

1997-2015-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru olub, həmçinin AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. Hazırda ŞAR-ın baş elmi işçisi kimi fəaliyyətini davam etdirir.

Bundan əlavə, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində pedoqoji fəaliyyətlə məşğul olur.

Ə.Quliyev 1982-ci ildə "Böyük planetlərin komet ailələrinin xüsusiyyətləri" mövzusunda fəlsəfə, 1993-cü ildə "Periodik, aralıq və uzunperiodlu kometlərin kosmoqonil xarakterisikaları" mövzusunda doktorluq işini müdafiə edib. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2012-ci ildə isə professor elmi adını alıb.

Alim Günəş sistemi cisimləri üzrə mütəxəssisdir. 1998-ci ildə onun rəhbərliyi altında ŞAR-ın 2 m-lik teleskopu yenidən işə salınıb, sonralar hə­min teleskopun idarəetmə sistemi modernləşdirilib, həmçinin rəsədxanada alüminiumlaşdırıcı qurğu fəaliyyətə başlayıb, bütövlükdə onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.

Onun əsas elmi nailiyyətləri komet sistemində effektlərin aşkar olunması, kometlərin parçalanması üzrə yeni nəzəriyyə, o cümlədən hiperbolik komet və meteorların əmələ gəlməsi konsepsiyası və naməlum planetlər konsepsiyasıdır.

Ə.Quliyev 168 elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərinin sayı 86, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 78), o cümlədən 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında bu günədək 7 fəlsəfə doktoru hazırlanıb.

Ə.Quliyev Beynəlxalq Astronomiya İttifaqının, Avropa və Avrasiya Astronomiya cəmiyyətlərinin üzvüdür.

1999-cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlandırılıb və müvafiq astronomik kataloqlarda həmin kiçik planet "ayyubguliev" adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Eləcə də, onun təşəbbüsü və vəsatəti ilə daha üç kiçik planetə Nizami, Tusi və Cavid adı verilib.

Alim 2011-ci ildə Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

Görkəmli astrofizik alimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.