Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları respublikanın əksər bölgələrində elmi-tədqiqat işləri aparıblar
03.09.2014 00:00
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları respublikanın əksər bölgələrində elmi-tədqiqat işləri aparıblar

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları yaz-yay mövsümlərində müvafiq mövzu planı üzrə elmi-tədqiqat işlərini davam etdiriblər.

Çöl tədqiqatları respublikanın əksər bölgələrini - Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Lənkəran-Astara, Kür-Araz (Abşeron, Ağdaş, Ağcabədi, Ağsu, Astara, Balakən, Biləsuvar, Daşkəsən, Göyçay, İmişli, İsmayıllı, Masallı və s. rayonları), Naxçıvan Muxtar Respublikasını əhatə edib.

İnstitut əməkdaşları tərəfindən aparılan tədqiqatlar aqrar təsərrüfatçılıq şəraitində torpaq və su ehtiyatlarının öyrənilməsi, səmərəli istifadəsi, mühafizəsi, ekoloji qiymətləndirilməsi və İKT, inteqrasiyalı və sahələrarası yaxınlaşma ilə torpaqların genezisi, yayılması və aqroekoloji qiymətləndirilməsi, münbitliyin bərpası, yüksəldilməsi, qorunub saxlanılması, torpaqların deqradasiyası, şorlaşması və şorakətləşməsi şəraitində meliorativ tədbirlərinin elmi metodologiyasının işlənib hazırlanması problemlərinin həllinə yönəldilib. Yuxarıda qeyd olunan ərazilərdə torpaq kəsimləri qoyulub, torpaq və su nümunələri götürülüb, geostatik metodlardan istifadə etməklə müvafiq ölçmə işləri aparılıb və GPS aparatı vasitəsilə koordinatlar GİS sisteminə bağlanıb.

Aqrokimyəvi tədqiqatlar, həmçinin torpaqların ağır metallarla çirklənmə səviyyəsi, regional gübrələmə sisteminin təkmilləşdirilməsi və üzvi tullantıların torpaq-bitki sistemində səmərəli istifadəsinə həsr edilib.

Tədqiqatlar kənd təsərrüfatı istifadəsində olan torpaqlarda gözlənilən qlobal iqlim dəyişikliyi ilə əlaqədar baş verə biləcək təbii və antropogen dəyişikliklərin qanunauyğunluqlarını öyrənməklə, torpaq-su-bitki-atmosfer sistemində su-duz rejiminin dəyişməsinə, münbitliyin azalmasına və qida elementlərinin yuyulmasına təsir edən digər mənfi halları müəyyən etməklə müvafiq mühafizə və səmərəli gübrələmə sistemlərinin işlənməsi, üzvi tullantıların səmərəli istifadəsinə nail olmaq istiqamətində mühüm nəticələr əldə etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: