Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib
27.05.2019 10:11
  • A-
  • A
  • A+

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının birgə təşkilatçılığı ilə keçirilən konfrans Prezident İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil olunub.

Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Qazax Müəllimlər Seminariyasının Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Firidun bəy Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi olduğunu qeyd edib.

BDU-nun Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov çıxış edərək, 1918-ci ildə görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan bu təhsil məbədinin Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri yetişdirməsindən söz açıb.

Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov isə çıxışında Azərbaycanda təhsilin və elmin müasir problemləri və inkişafı məsələlərindən bəhs edib.

Tədbirdə, həmçinin Qori Seminariyasının ölkəmizdə savadsızlığın aradan qaldırılmasında, ixtisaslı müəllim kadrlarının yetişməsində misilsiz rolundan danışılıb.

Səkkiz bölmədə keçirilən plenar iclaslarda ümumilikdə 67 məruzə dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: