Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Gəncə Bölməsində akademik Həmid Araslının 110 illiyi qeyd olunub
24.05.2019 14:21
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində akademik Həmid Araslının 110 illiyi qeyd olunub

AMEA-nın Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illik yubileyinə həsr edilən respublika elmi-praktik konfransı keçirilib.

Tədbirdə Həmid Araslının yaradıcılığını tədqiq edən ədəbiyyatşünas alimlər və elmi ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı bölmənin sədri, akademik Fuad Əliyev açaraq tədbirin ölkə başçısının "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" 11 fevral 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. F.Əliyev çıxışında qədim və orta əsrlər Azərbaycan ədə­biy­­­ya­tı­nın tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı sa­hə­sin­də bö­yük xidmətlər göstərmiş Həmid Araslının çoxşaxəli yaradıcılığından danışıb. Bildirib ki, H.Araslı “Kitabi Dədə Qorqud” dastanını, İmadəddin Nəsimi, Məhəmməd Füzuli yaradıcılığını, o cümlədən Şərq şairləri Firdovsi, Cami, Hafiz, Əlişir Nəvai irsini geniş tədqiq edib.

O, ədibin təkcə Azərbaycanda deyil, həmçinin Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etdiyini, onlarca elmlər və fəlsəfə doktoru hazırladığını diqqətə çatdırıb.

Daha sonra Həmid Araslının həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, tədbir iştirakçılarının Gəncə şəhərindəki bir sıra tarixi abidələrə və muzeylərə ziyarəti nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: