www.science.az
23.05.2019 10:01

“Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə” mövzusunda elmi sessiya keçirilib. 

Tədbiri AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli açaraq sessiyanın ölkə başçısının “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. Ədibin Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasındakı rolundan danışan T.Kərimli bildirib ki, “Molla Nəsrəddin” jurnalı vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərən Mirzə Cəlil həm də iqtisadi görüşləri ilə dünya səviyyəli bir ziyalı olub. Akademik ensiklopedik zəkaya sahib olan Mirzə Cəlilin qoyduğu ənənələrin bu gün də davam etdirildiyini vurğulayıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovun “Cəlil Məmmədquluzadənin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi barədə”, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi”, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyevanın “Cəlil Məmmədquluzadə əsərlərinin nəşri dövrün ideoloji kontekstində” və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Cəlil Məmmədquluzadənin ədəbi məktubları” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə ədibin zəngin arxivində saxlanılan ictimai-siyasi və publisistik məktublardan, C.Məmmədquluzadə irsinin araşdırılması istiqamətində müxtəlif dövrlərdə Əlyazmalar İnstitutunda aparılmış tədqiqatlardan, Mirzə Cəlillə dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı arasındakı oxşarlıqlardan danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.