Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib
22.05.2019 17:13
  • A-
  • A
  • A+

“Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisədə təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbələrinin iştirakı ilə görkəmli yazıçı, dramaturq, publisist, nasir Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti” mövzusunda elmi konfrans keçirilib.

Konfransı Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli açaraq tədbirin ölkə başçısının “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. O, sözügedən sənədin ölkəmizdə dövlət səviyyəsində ədəbiyyatımıza verilən yüksək qiymətin nümunəsi olduğunu söyləyib.

Ə.Əsgərli çıxışında C.Məmmədquluzadənin ədəbi-bədii yaradıcılığından, onun Azərbaycan xalqının inkişafında, maariflənməsindəki xüsusi rolundan danışıb. Qeyd edib ki, görkəmli ədib dramaturgiyası, nəsr əsərləri və publisistikası ilə XX əsrin əvvəllərində mövhumata, xurafata, eləcə də çar məmurlarının və din xadimlərinin özbaşınalığına qarşı mübarizə aparıb, qadın azadlığını tərənnüm edib, xalqa azərbaycançılıq, milli təfəkkür, istiqlal ideyalarını aşılayıb.

"Molla Nəsrəddin" jurnalının fəaliyyətə başlaması ilə C.Məmmədquluzadənin Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyduğunu deyən Ə.Əsgərli nəşrin ədibin nüfuzunu yüksəltdiyini, eləcə də böyük Mollanəsrəddinçilər ədəbi məktəbi yaratdığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva çıxış edərək C.Məmmədquluzadənin yaradıcılığına nəzər salıb, iki qurum arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin faydalı olacağını vurğulayıb.

Tədbirdə, həmçinin Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın “Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin jurnalı” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbələri - Nəzrin Pirəlisoy “Cəlil Məmmədquluzadə əsərlərinin dil xüsusiyyətləri”, Bahar Ağasıyeva “Cəlil Məmmədquluzadə əsərlərində cəhalətlə mübarizə”, Aygün Səmədli “Cəlil Məmmədquluzadənin publisistikası”, Gülzar Tahirova “Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığı problemi”, Nərmin Abdullayeva “Anamın kitabı” əsərində azərbaycançılıq idealı”, Aygün Məmmədova “Cəlil Məmmədquluzadə yaradıcılığında xurafatın tənqidi”, Əfsanə Nuhova “Dəli yığıncağı” əsərinin ideya-bədii xüsusiyyətləri”, Mehriban Baxışova “Kamança” əsərində Qarabağ mövzusu”, Nərmin Bəkirzadə “Danabaş kəndinin əhvalatları” əsərinin mövzusu və ideyası”, Turanxanım Cəfərli “Cəlil Məmmədquluzadə hekayələrində bədii tipikləşmə”, Nərmin Süleymanlı “Usta Zeynal” hekayəsinin ideya-bədii xüsusiyyətləri”, Fidan Qaraşlı “Poçt qutusu” hekayəsində kiçik adam və böyük ideal” mövzularında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: