Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Alimlərimizin elmi nəticələrinin istehsalata tətbiqi iqtisadiyyatın inkişafına zəmin yaradır
21.05.2019 10:30
  • A-
  • A
  • A+

Alimlərimizin elmi nəticələrinin istehsalata tətbiqi iqtisadiyyatın inkişafına zəmin yaradır

Doğru deyirlər ki, istənilən cəmiyyətin taleyi, ilk növbədə, onun üzvlərinin səviyyəsindən asılıdır. İstedadlı, elmli, bilikli və təbii ki, həm də iradəli şəxslərdən ibarət cəmiyyət daha mükəmməl ümumi yaşayış formaları yaradaraq inkişaf edir. Bu səbəbdən də istər təhsildə, istərsə də elmdə kritik kütlə effektini vacib amil sayırlar. Ölkə başçısı cənab İlham Əliyevin söylədiyi: “...Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gectez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyadır”, - kimi konseptual müddəanın əsasında da məhz həmin yanaşma dayanır.

Bu mənada Azərbaycan elmi hər zaman öz sözünü demiş və cəmiyyətin seçilən üzvləri olan alimlərimiz təkcə dünya elminə töhfələr verməklə kifayətlənməmiş, onların əldə etdikləri nəticələr ölkə iqtisadiyyatının inkişafına yönəldilmişdir. Bu gün isə buna daha böyük ehtiyac duyulur. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu da fəaliyyətə başladığı gündən bu amala xidmət edir. Ötən illərdə nə kimi uğurlar əldə edilmişdir, qarşıda hansı məsələlər durur, Azərbaycan elminin bugünkü inkişafının əsasında nə dayanır...

Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat ElmiTədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevlə söhbətimizdə bu və ya digər suallara cavab axtarmağa çalışmışıq:

-Fikrət müəllim, istərdik ki, rəhbərlik etdiyiniz qurumun fəaliyyəti barədə bir qədər məlumat verəsiniz.

- Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (TR ETİ) 1991-ci ildə yaradılmışdır. TR ETİ Bakı Dövlət Universitetinin struktur təşkilatı olub, informasiya texnologiyalarından istifadə etməklə tətbiqi riyaziyyatın ən vacib problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. ETİ-də alınan elmi nəticələr yenidir və dövrün tələblərinə cavab verir. Belə ki, əməkdaşların məqalələri “Clarivate Analytics”in (keçmiş “Thomson Reuters” Agentliyi) “Web of Science” platformasında indekslənən dünyanın müxtəlif aparıcı jurnallarında çapdan çıxır və institut əməkdaşlarının işlərinə çoxlu sayda istinadlar edilir.

İnstitutda mürəkkəb diferensial tənliklərlə təsvir olunan sistemlərdə idarəetmə və optimallaşdırma məsələləri, qeyri-xətti tənliklərlə təsvir olunan texnoloji, iqtisadi proseslərin modelləşdirilməsi, fizika, geofizika, texnika və elmin digər sahələrinə tərs məsələlərin tətbiqi kimi elmi istiqamətlər mövcuddur. Məlumatların ədədi işlənməsi və obrazların tanınması; riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər; sistemli analizin riyazi məsələləri; tərs məsələlər və qeyri-xətti tənliklər; məlumat-hesablama sistemləri və iqtisadi sistemlərin riyazi modelləşdirilməsi kimi altı şöbə fəaliyyət göstərir.

Burada aparılan elmi-tədqiqat işlərindən alınan nəticələr respublikanın sənayesinə və iqtisadiyyatına tətbiq edilir. Bir çox fiziki proseslərin, iqtisadi və idarəetmə sistemlərinin tətbiq edilməsi zamanı meydana çıxan riyazi modellərin əsasını təşkil edən qeyri-xətti tənliklər, idarəetmə sistemləri yeni üsullarla araşdırılır. Təklif olunan həll üsulları fundamental xarakter daşıyaraq dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilir.

Qazlift üsulu ilə neftçıxarmada rəqəmsal proqram idarəedici və proqram trayektoriyasının qurulması alqoritmi, bu məsələlər üçün optimallaşdırma və stabilizasiya məsələlərinin həlli üsulu, neft quyularında ştanqlı nasos qurğularının neyron şəbəkəsi ilə diaqnostikası, qaldırıcı borularda hidravlik müqavimət əmsalının tapılması, quyu dibində neftqaz qarışığının yaranması prosesinə tərs məsələlərin tətbiqi və s. kimi elmi-tədqiqat işləri respublikanın neft sənayesində istifadə olunmaq üçün nəzərdə tutulmuşdur və bununla bağlı Neft Şirkəti ilə bağlanan müqavilələr artıq yerinə yetirilib.

- Bu il may ayının 1-də AMEA-nın illik hesabatı keçirildi. Hesabatda belə bir fakt səsləndirildi: Azərbaycan elmi müəyyən göstəricilərə görə Qafqazda I yerə çıxıb. Bu uğurun, nailiyyətin əsasında nə dayanır?

- Bəli, hesabatda belə bir fikir söylənilib və qürurla demək olar ki, bu, Azərbaycan elminin ilk təntənəsidir. Bu da səbəbsiz deyil, çünki son zamanlar elmə, onun inkişafına dövlət qayğısının, dəstəyinin artması alimlərimizi müəyyən tədqiqat işləri aparmağa ruhlandırmış, bunun nəticəsi kimi müxtəlif layihələrin dövlət tərəfindən dəstəklənməsi də bu prosesi sürətləndirmişdir. Doğrudan da, “Clarivate Analytics”in “Web of Science” platformasında indekslənən dünyanın müxtəlif aparıcı jurnallarında çap olunan məqalələrin sayına görə Azərbaycan Qafqaz ölkələrini böyük fərqlə üstələyib. Təkcə alimlərimizin apardığı elmi-tədqiqat işlərinin nəticələrinin deyil, həmçinin Azərbaycanda keçirilən beynəlxalq konfransların materiallarının da həmin jurnallarda özünə yer alması, yəni həmin jurnalların siyahısına salınması faktı da müəyyən formada rol oynamışdır. Məsələn, 2018-ci ildə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyyə dəstəyi, BDU TR ETİ-nin təşkilatçılığı ilə keçirilən “İdarəetmə sistemlərinin sənayeyə tətbiqi” mövzusunda VI beynəlxalq konfransın materialları da “Clarivate Analytics”in siyahısına daxil edilmişdir. Belə ki, 2 cilddən ibarət topluya 220-dək məqalə daxil edilmişdir ki, həmin məqalələrin 141-i Azərbaycan alimlərinə, o cümlədən 73-ü BDU-nun, 20-si TR ETİ-nin alimlərinə məxsusdur. Elə birinciliyi əldə etməkdə də bu fakt əsas rol oynamışdır. Sual oluna bilər: Bu göstərici ilə kifayətlənmək olarmı? Əlbəttə yox! Burada demoqrafik şəraitə nəzər yetirmək çox vacibdir. Belə ki, Azərbaycanda alimlərin sayı Qafqaz ölkələrindən daha çoxdur və həmin uyğun nisbət gözlənilməlidir. Deməli, bununla bağlı bəzi addımlar atılmalıdır ki, həmin nisbətə uyğun göstəricilərimiz də çox olsun. Onda tam əminliklə demək olar ki, biz qabaqdayıq. Azərbaycanda elmi inkişaf hansı istiqamətlərdə getməlidir.

2003-cü ildə ümummilli lider Heydər Əliyev elm adamları ilə görüşdə çıxış edərkən Azərbaycan elminin strateji istiqamətlərini müəyyənləşdirərək demişdir ki, Azərbaycan elə böyük dövlət deyildir ki, dünya elminin problemlərinin həllini çiyninə götürsün. Doğrudur, Azərbaycan elmi dünya elmi ictimaiyyətinə töhfələr verir, elmi işlərin həllinə maliyyə dəstəyi göstərir, lakin işlərin böyük qismi Azərbaycan sənayesi və iqtisadiyyatına tətbiq olunmalıdır. Yenə də qeyd edirəm ki, BDU-nun TR ETİ kiçik bir təşkilat olsa da, onun elmi planına respublika sənayesi və iqtisadiyyatı ilə bilavasitə əlaqəli olan məsələlər daxil edilir.

- Azərbaycan elminin inkişafı istiqamətində elmimizin dünya elminə inteqrasiyası məsələsi hər zaman olduğu kimi, bu gün də aktualdır. Bu məqsədlə milli jurnallar yaradılmalı, xüsusən də humanitar, ictimai, təbiət elmləri sahəsindəki bu boşluqlar aradan qaldırılmalı, beynəlxalq səviyyəli nəşrlərin sayı məqsədli şəkildə artırılmalıdır. TR ETİ-ni bu sahədə də nümunə saymaq olar. Elə deyilmi?

- 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və TR ETİ-nin təsis etdiyi “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının redaksiya heyətində dünyanın 18 ölkəsindən 26 tanınmış alim təmsil olunur. Bu heyətə Azərbaycanla yanaşı, ABŞ, Ukrayna, Türkiyə, Fransa, İngiltərə, Rusiya, Bolqarıstan, Almaniya, Avstraliya, İsveç, Belarus, İtaliya və Pakistanın alimləri də daxildir. Bütün məqalələr Mat-Reviews, Zentrablatt, Scopus kimi nüfuzlu bazalarda referat olunur, Elleter, NA Digest elmi saytlarında anons edilir. İngilis dilində nəşr olunan jurnalın indiyə qədər 44 sayı çapdan çıxmış, bu nömrələrdə dünyanın 60-a qədər ölkəsini təmsil edən 450-dən artıq məqalə dərc edilmişdir. 2010-cu ildən jurnalın ildə 3 nömrəsi çap olunur.

ACM jurnalı Azərbaycan elm tarixində ilk jurnal olaraq 2008-ci ildən “Thomson Reuters” Agentliyinin genişləndirilmiş siyahısına daxildir. İnstitutda aparılan məqsədyönlü işlərin nəticəsi olaraq “Thomson Reuters Agency”nin 2010-cu il tarixli hesabatında jurnalın 0.633-ə bərabər təsir əmsalı (Impact Factor) olduğu elan olunub. “Clarivate Analytics”in 2017-ci ilin hesabatına əsasən jurnalın təsir əmsalı 2.365 və 5 illik təsir əmsalı isə 1.113-dür. Qeyd etmək lazımdır ki, ACM jurnalı riyaziyyat, tətbiqi riyaziyyat ixtisası üzrə 252 beynəlxalq nəşr arasında 19-cu yerdə qərarlaşıb. MDB məkanında bu istiqamət üzrə ən yüksək impact faktora malikdir. “Applied and Computational Mathematics” jurnalı 2012-ci ildə “Thomson Reuters” Agentliyinin “Elmi mükəmməlliyə görə”, 2016-cı ildə “Web of Science Awards 2016” ən çox istinad olunan elmi jurnal nominasiyası və “Elsevier” nəşriyyatının Elmi Jurnal üzrə Yüksək Müvəffəqiyyət Mükafatı istiqamətində “Scopus 2016”, 2018-ci ildə isə “Web of Science Awards 2018” yüksək keyfiyyət göstəricisi sayılan “Q1” siyahısına daxil olmaq nominasiyası mükafatlarına layiq görülüb.

2009-cu ildə Almatı şəhərində keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin üçüncü konqresində “Türkic World Mathematics Society (TWMS) Journal of Pure and Applied Mathematics” (Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat) jurnalının təsis edilməsi haqqında qərar qəbul olunmuş, onun nəşri Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir. 2010-cu ildən başlayaraq jurnalın 19 nömrəsi işıq üzü görüb. Qısa bir zamanda jurnal “Thomson Reuters” Agentliyinin (hazırda “Clarivate Analytics” adlanan) yeni yaradılmış “Emerging Sources Citation Index” bazasında yer almışdır. 2011-ci ildə institutun təsis etdiyi “Proceedings of Institute of Applied Mathematics” adlı dövri jurnalın isə 2012-ci ildə ilk nömrəsi dərc edilib, bu günə kimi 154 məqalə daxil olmaqla 16 nömrəsi çap olunub. Jurnal Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb.

- Son zamanlar akademik mühitdə elmi məqalələrin necə yazılması, hansı jurnallara yollanması haqda böyuk diskussiyalar gedir. Bu nə ilə bağlıdır? Hətta xaricdən məqalə hazırlanması qaydalarını öyrətmək üçün ixtisasçılar dəvət olunur.

- Mən də elmi informasiya linklərindən oxuyuram. Bilirsiniz, alimə məqaləni necə yazmağın öyrədilməsi təəccüb doğurur. Çünki yaxşı nəticəni çap etdirmək şərəfli işdir. Ona görə gənc alimlərə yaxşı nəticə almağın yollarını öyrətmək lazımdır. Onsuz da hər jurnalın sonunda məqalələrin hazırlanması qaydaları və tələblər verilir.

- Beynəlxalq əlaqələriniz barədə nə deyə bilərsiniz?

- TR ETİ-nin əməkdaşları beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır. Dünyanın 50-dən artıq ölkəsinin 200-dən çox elmi müəssisəsi ilə səmərəli əməkdaşlıq qurulmuşdur.

Mütəmadi olaraq Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin aspirant və magistrantları elmi təcrübə keçmək üçün instituta ezam olunurlar. Ukrayna MEA S.M.Timoşenko adına Mexanika İnstitutu ilə TR ETİ arasında 2012-ci ildən elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Əsas məqsəd müəssisələrimiz arasında qərarlaşmış çoxillik yaradıcılıq əlaqələrini inkişaf etdirmək və dərinləşdirməkdir.

Fransa Milli Elmlər Araşdırmalar Mərkəzi və AMEA arasında həyata keçirilən PİCS Elmi layihəsi çərçivəsində Fransanın Nant Universiteti və Bakı Dövlət Universiteti TR ETİ-nin birgə elmi-tədqiqat işləri aparılır.

AMEA ilə əlaqələrimiz isə çoxşaxəli və məhsuldardır. İnstitutun əməkdaşları AMEAnın İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq edir, bundan başqa, AMEAnın keçirdiyi konfransların təşkilində fəal iştirak edirlər. Bütün bunları həyata keçirməkdə məqsəd fundamental və tətbiqi xarakterli tədqiqatları dünyada aparılan elmi tədqiqatların müasir səviyyəsinə uyğunlaşdırmaq, ölkə makroiqtisadiyyatının proqnozlaşdırılmasında yaxından iştirak etmək, səriştəli elmi kadrların hazırlanması və s. məsələlərə nail olmaqdan ibarətdir. Alimlərimizin aldığı elmi nəticələrin istehsalata tətbiqi iqtisadiyyatımızın inkişafına zəmin yaradır.

- Müsahibəyə görə sağ olun. Elmimizin inkişafı naminə həyata keçirmək istədiyiniz bütün işlərdə sizə uğurlar arzulayırıq.

"Respublika" qəzeti, 21 may 2019-cu il

 

  • Paylaş: