www.science.az
01.09.2014 00:00

Tovuz Arxeoloji Ekspedisiyası tərəfindən Cənubi Qafqazda ən qədim neolit yaşayış məskəni aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyası və Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin sözlərinə görə, başçılıq etdiyi ekspedisiya Tokio Universitetinin mütəxəssisləri ilə birgə Hacıələmxanlı neolit məskənində tədqiqatları davam etdirməkdədir.

Tədqiqatlar zamanı ərazidən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış son radiokarbon analizlər Hacıələmxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğu göstərilib. Bununla da Hacıələmxanlı yaşayış məskənini nəinki Azərbaycanda, həmçinin, Cənubi Qafqazda 9 min illik yaşı olan, yəni, neolit dövrünə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar.

İlkin ehtimallara görə, çiy kərpiclərdən inşa edilmiş planda dairəvi evlərdən ibarət neolit dövrünə aid erkən qəsəbələr düzənlikdə yaradılıb, sonralar isə, müxtəlif səbəblərdən (ekoloji adaptasiya, təhlükəsizlik, müdafiə və s.) məskənlərin inşası təbii və süni təpələr üzərində aparılıb.

Qeyd edək ki, Göytəpə arxeoloji kompleksindən əldə edilmiş əmək alətləri və tikinti-inşaat təcrübəsi ilə müqayisədə Hacıələmxanlı məskəni göstərilmiş parametrlər üzrə daha sadə və primitiv formaları nümayiş etdirir. Beləliklə, Hacıələmxanlı məskəninin tədqiqatları, geniş miqyaslı baxışda, bölgədə primitiv formadan təkmil səviyyəyədək inkişaf xəttinin mövcudluğu, yəni genetik ardıcıllıq və təkamül barədə nəticə çıxarmağa əsas verir.

Azərbaycan – Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Yaponiya tərəfindən rəhbəri, Tokio universitetinin professoru Yoşihiro Nişiaki bildirib ki, Azərbaycan və Yaponiya mütəxəssislərinin 2012-ci ildən etibarən bölgədə apardığı tədqiqatlar öz uğurlu məntiqi nəticəsini verib.

F.Quliyev kəşf edilmiş ən qədim neolit məskəni barədə beynəlxalq elmi ictimaiyyətin məlumatlandırılacağını söyləyib.

Qeyd edək ki, aşkar edilmiş maddi mədəniyyət abidələrinin gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.