Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan HeydərƏliyevşünaslığı: nailiyyətlər və vəzifələr
07.05.2019 10:04
  • A-
  • A
  • A+

Azərbaycan HeydərƏliyevşünaslığı: nailiyyətlər və vəzifələr

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri kimi böyük şöhrət qazanmışdır. Dünyanın görkəmli dövlət xadimləri və böyük siyasətçiləri ulu öndər Heydər Əliyevin çoxillik və çoxcəhətli tarixi xidmətlərini yüksək qiymətləndirmiş, ondan beynəlxalq miqyasda qəbul olunan liderlərdən biri kimi söz açmışlar.

XX əsr ərzində bütün tarixi mərhələlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli tarixə çevrilmiş dövlətçilik fəaliyyəti və mübarizəsi böyük siyasətçilərin, elm xadimlərinin də həmişə diqqət mərkəzində olmuşdur. Bu cəhətdən Heydər Əliyev qədər haqqında dünya masştabında yüksək sözlər deyilən, şəxsiyyətinə və xidmətlərinə böyük qiymət verilən dövlət xadimləri çox deyildir. Heydər Əliyev dünya xəritəsində kiçik yer tutan bir ölkənin böyük rəhbəri olub, dünya liderləri səviyyəsində qiymətləndirilən görkəmli dövlət xadimidir. Yer kürəsinin ən görkəmli dövlət və siyasi xadimləri: Corc Buş, Bill Klinton, Barak Obama, Vladimir Putin, Hi Tszintao, Kraliça II Yelizaveta, Jak Şirak, Toni Bleyr, Süleyman Dəmirəl, Rəcəb Tayyib Ərdoğan, Nursultan Nazarbayev, Eduard Şevarnadze, Leonid Kuçma, Henri Kisincer, Zbiqnev Bjezinski kimi məşhur simaların Heydər Əliyevə verdikləri yüksək qiymət geniş mənada şəxsiyyət və zaman, lider və xalq, siyasət və cəmiyyət kimi aktual məsələlərin dəyərləndirilməsinə dair ciddi və əhəmiyyətli mülahizələr olub, Azərbaycan xalqının ümummilli liderinin beynəlxalq aləmdəki yerini və miqyasını təsəvvür etməyə imkan yaradır.

Amerika Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, görkəmli siyasi xadim, professor Zbiqnev Bjezinskinin aşağıdakı sözləri böyük siyasətin Heydər Əliyev fenomeninə verdiyi böyük dəyəri çox dolğun və ümumiləşdirilmiş şəkildə əks etdirir: "Heydər Əliyev həqiqətən beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli lider idi. O, Azərbaycanın müstəqilliyinin, ölkənin firavanlığına doğru inkişafının və demokratiyaya doğru yolunun əsasını qoydu. O, qətiyyətli, uzaqgörən və aydın düşüncəli idi”. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun baxışları isə Heydər Əliyev fenomeninə yaradıcı ziyalıların fərqli münasibətini ifadə edir: "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır”. Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnevskinin aşağıdakı sözləri isə Heydər Əliyevə dövlətçilik cəhətdən olan dəyərləndirmə baxımından əhəmiyyətlidir: "Heydər Əliyev Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliklərin arxitektorlarından biridir”. Bu mülahizələr Heydər Əliyevə dövlətçilik, böyük siyasət və yaradıcı ziyalı münasibətlərini meydana qoyur.

Böyük siyasətin və böyük elmin son yarım əsrdəki görkəmli dövlət xadimi Heydər Əliyev haqqındakı baxışlarını əks etdirən çoxsaylı kitablarda və məqalələrdəki baxışlar HeydərƏliyevşünaslıq elmi istiqamətini formalaşdırmışdır:

- HeydərƏliyevşünaslıq - böyük siyasət haqqında elmin üzvi tərkib hissəsi olub, siyasi-tarixi xarakter daşıyan nəzəri təlimdir;

- HeydərƏliyevşünaslıq - Azərbaycanşünaslığın əsas aparıcı və hərəkətverici qüvvəsi olan sistemli bir nəzəriyyədir;

- HeydərƏliyevşünaslıq - müstəqil dövlətçilik və ümummilli ideologiya haqqında elmdir;

- HeydərƏliyevşünaslıq - daim inkişafda olan, böyük gələcəyə işıq salan əbədiyaşar novator dövlətçilik təlimidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında deyilənlər və yazılanlar dünyanın ayrı-ayrı qitələrini və xalqlarını əhatə etdiyi üçün HeydərƏliyevşünaslıq beynəlxalq miqyaslı elmi təlimdir. Bununla belə, Heydər Əliyevə həsr olunmuş rəyləri, münasibət ifadə edən fikirləri, ən müxtəlif xarakterli araşdırmaları ümumiləşdirib dəyərləndirmək Azərbaycan elminin borcu və vəzifəsidir. Həmçinin Heydər Əliyev haqqında ən sanballı bioqrafik əsərlər, siyasi və elmi aradırmalar təbii olaraq ulu öndərin vətənində aparıldığından HeydərƏliyevşünaslığın Vətəni və əsas mərkəzi Azərbaycan Respublikasıdır. Yaradıcıları sırasında dünyanın ən tanınmış siyasətçiləri və elm xadimləri olsa da, elm sahəsində HeydərƏliyevşünaslığın aparıcı simaları Azərbaycan alimləridir. Azərbaycan elmi üçün HeydərƏliyevşünaslıq ən şərəfli mövzu olmaqla bərabər, həm də məsuliyyətli bir mənəvi borcdur. Azərbaycan tarixinin son 50 illik inkişaf yolunu Heydər Əliyev faktorunu əsas kimi qəbul etmədən elmi cəhətdən obyektiv şəkildə qiymətləndirmək mümkün deyildir.

Azərbaycan HeydərƏliyevşünaslığı - ölkə elminin baş istiqamətini müəyyən edən tarixi-siyasi, nəzəri və təcrübi xarakterli elmi təlimdir. Son yarım əsrin humanitar və ictimai elmlərinin əsas istiqaməti azərbaycançılıqdan, mahiyyəti isə HeydərƏliyevçilikdən ibarətdir. Əslində ölkəmizdə dəqiq və texniki elmlər, yer elmləri və təbiət elmləri də Heydər Əliyevin azərbaycançılıq ideallarının işığında inkişaf etdirilmişdir. Bu mənada HeydərƏliyevşünaslıqla azərbaycançılıq arasında bərabərlik işarəsi qoymaq mümkündür. HeydərƏliyevşünaslıq - müstəqillik dövrü Azərbaycan elminin strategiyasını müəyyən edən metodoloji meyardır.

İlkin müşahidələrə və araşdırmalara əsasən deyə bilərik ki, Azərbaycan HeydərƏliyevşünaslıq elmi aşağıdakı istiqamətlərdə yaranıb inkişaf edir:

1. Dünyanın görkəmli dövlət xadimləri və siyasi şəxsiyyətlərinin Heydər Əliyev haqqındakı fikirləri və mülahizələrinin təhlil edilib dəyərləndirilməsi: şəxsiyyət və zaman probleminə münasibət

2. Heydər Əliyevin müstəqil dövlətçilik təliminin nəzəriyyəsi və təcrübəsinin elmi cəhətdən öyrənilməsi: lider və xalq

3. Azərbaycançılıq təliminə Heydər Əliyev masştabında qiymət: milli-mənəvi dəyərlərdən dövlət ideologiyasınadək

4. Azərbaycan Respublikasının inkişafının Heydər Əliyev epoxası: böyük siyasət və cəmiyyət

5. Heydər Əliyevin elmi bioqrafiyası və bioqrafları

6. Dialektik inkişafın yaradıcı davamı. İlham Əliyev erası.

Azərbaycan elmi fikrində dünyanın görkəmli dövlət xadimlərinin və böyük siyasətçilərinin Heydər Əliyevə münasibətini ifadə edən mülahizələrin təhlili və qiymətləndirilməsi əsasən bu böyük şəxsiyyətin beynəlxalq miqyasda, ölkəsinin və xalqının siyasi taleyində tutduğu yeri və daşıdığı funksiyanı obyektiv müəyyən etmək üçün aparılmış müqayisələrdən və qiymətləndirilmələrdən ibarətdir. Bu, daha çox HeydərƏliyevşünaslığın başlanğc dövründə müstəqil Azərbaycan dövlətinin liderinin miqyasını daha əyani və aydın surətdə dərk və təqdim etmək məqsədi daşımış və təbii bir milli iftixar duyğusu formalaşdırmağa xidmət etmişdir. Elmi-siyasi ədəbiyyatdan görünür ki, Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adı dünyanın ən görkəmli tarixi şəxsiyyətləri: Corc Vaşinqton, Mustafa Kamal Atatürk, Şarl de Qol, Vinston Çörçill və Mao Tszedunla yanaşı çəkilmiş, oxşar və fərqli cəhətləri göstərilməklə dəyərləndirilmişdir.

Azərbaycanda isə Heydər Əliyev yalnız Şah İsmayıl Xətai və Nəriman Nərimanovla müqayisə edilmişdir. Bu məqamda Şah İsmayıl Xətainin mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti yaratmaq sahəsindəki xidmətləri, Nəriman Nərimanovun azərbaycançı mövqeyi, Kremldəki gərgin həyatı və fəaliyyəti ilə Heydər Əliyevin siyasət və dövlətçilik sahəsindəki xidmətləri, bənzərlik və fərqlər diqqət mərkəzinə çəkilmişdir. Mövzuya tarixi aspektdə yanaşılsa da, əksər hallarda müasirlik mövqeyindən qiymət verilmişdir. Bu isə nəticə etibarilə Heydər Əliyev fenomeninin yeni tarixi epoxanın meydana çıxardığı mühüm hadisə kimi təqdim edilməsi zərurətini irəli sürmüşdür.

Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi onun azərbaycançılıq görüşləri ilə vəhdətdə təhlil olunub ümumiləşdirilmişdir. Ulu öndər Heydər Əliyev özü də müstəqil dövlətçiliklə azərbaycançılığı bir-birini tamamlayan siyasi-mənəvi baxışlar sistemi kimi qəbul etmişdir. O, böyük qürur hissi kimi bəyan etmişdir ki, "Azərbaycanın ən böyük nailiyyəti onun dövlət müstəqilliyidir. ...Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.

Azərbaycan HeydərƏliyevşünaslığı Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrdəki məqsədyönlü, düşünülmüş azərbaycançılıq siyasətini onun sonralar həyata keçirdiyi müstəqil dövlətçilik missiyasının möhkəm bünövrəsi, etibarlı təməli kimi dəyərləndirmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndərin sovet dövründəki milli maraqlara əsaslanan düşünülmüş siyasətini və fəaliyyətini haqlı olaraq "milli dövlətçiliyin təməl əsasları” kimi dəyərləndirmişdir: "Sovet hakimiyyəti illərində onun (Heydər Əliyevin - İ.H.) fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası həmişəlik hökm sürməyə başlamışdır. ...Bu kontekstdə Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi ölkənin gələcək müstəqillik perspektivinə hazırlığının ilkin mərhələsi kimi səciyyələndirilə bilər.” Bu mənada akademik Ramiz Mehdiyevin tədqiqatlarında Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq siyasətinin konseptual əsasları yaradılmışdır. Görkəmli elm xadiminin "Heydər Əliyevin dövlətçilik idarəçiliyinin nəzəriyyə və təcrübəsinə töhfəsi” (2000), "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), "XXI əsrdə milli dövlətçilik” (2003), "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə” (2006) kimi tədqiqatlarında müstəqil dövlətçiliyin fəlsəfi mahiyyəti müəyyən olunmuş, milli dövlətçilik ideologiyası olan azərbaycançılıq təliminin siyasi-mənəvi tutumu və hədəfləri nəzəri cəhətdən əsaslandırılmışdır. Xüsusən Ramiz Mehdiyevin 2017-ci ildə Moskvada çap olunmuş "Milli ideyanın formalaşmasında tarixi dərketmənin əhəmiyyəti” və "Qlobal dəyişmələr dövründə Azərbaycanın milli ideyası” ikicildliyi Heydər Əliyev, müstəqil dövlətçilik fəlsəfəsi, azərbaycançılıq və müasirlik ideologiyası işığında yaradılmış əhəmiyyətli monoqrafik külliyyatdır.

Azərbaycan HeydərƏliyevşünaslığında ən geniş yer tutan mövzu ölkəmizin inkişafının Heydər Əliyev epoxasına həsr olunmuş araşdırmalardan ibarətdir. Bu mövzuda yazılmış tədqiqatlarda Heydər Əliyev epoxasının Sovet Azərbaycanı və Sovetlər İttifaqı mərhələsi, keçid dövrü və dövlət müstəqilliyi illəri həm ayrı-ayrılıqda, həm də ümumiləşdirilmiş şəkildə təsvir və təhlil edilmişdir. Doğrudur, hələlik Azərbaycanın çoxəsrlik tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxası (1969-2003) tam halda və sistemli şəkildə konkret bir ümumiləşdirilmiş elmi tədqiqatın əsas mövzusuna çevrilməmişdir, lakin onlarla elmi xarakterli və ya daha çox elmi-publisist üslubda yazılmış kitablarda bu möhtəşəm epoxanın ayrı-ayrı hadisələlərindən və faktlarından, ümumi gedişatından geniş bəhs edilmişdir. Bu cəhətdən akademik Yaqub Mahmudovun, akademik İsmayıl Hacıyevin və professor Zahid Qaralovun tədqiqatlarında imkan daxilində Heydər Əliyev epoxasının inkişaf dialektikası ən səciyyəvi detalları, hadisələri və faktları ilə təhlil edilib dəyərləndirilmişdir. Yaqub Mahmudovun "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (2002) monoqrafiyasında ulu öndərin çoxcəhətli dövlətçilik fəaliyyəti tarixi aspektdə təhlil edilmiş və onun müstəqillik illərindəki xidmətlərinə elmi qiymət verilmişdir. İsmayıl Hacıyevin "Heydər Əliyev siyasi tarixdə və günümüzdə” monoqrafiyası (2013) görkəmli dövlət xadiminin şəxsiyyəti və siyasəti, müstəqil dövlətçilik təlimi, milli tarix konsepsiyası haqqında yazılmış mükəmməl elmi-tədqiqat əsəridir. Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü” monoqrafiyası (2015), "Heydər Əliyevin elmi irsi” ikicildliyi (2014) ümummilli liderin xidmətlərinə və baxışlarına müasir nəzəri yanaşmaları real şəkildə əks etdirib ümumiləşdirir. AMEA-nın müxbir üzvü Musa Qasımlının "Heydər Əliyev - istiqlala gedən yol” kitabı (2006) da HeydərƏliyevşünaslıq elminin nailiyyətlərindən sayıla bilər. AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərovun "Heydər Əliyev - əbədiyaşar təlim” kitabı (2014) da böyük dövlət xadiminin fəaliyyətinə ümumiləşdirilmiş baxışları əhatə edir. Bu tədqiqatlar HeydərƏliyevşünaslıqda elmi-publisist tədqiqatlardan elmi-nəzəri təhlillərə doğru inkişafın monoqrafik səviyyədə göstəriciləridir. Hesab edirəm ki, HeydərƏliyevşünaslıq elmində Heydər Əliyev epoxası hadisəsinə Kreml miqyasında baxış (Roy Medvedyev), Qafqaz masştabında yanaşma (İradə Hüseynova) da siyasi liderin keşməkeşli həyatı və fəaliyyətinin üzvi tərkib hissəsi olan bu mərhələ və istiqamətlərin daha dərindən qavranılmasına xidmət edən əhəmiyyətli tədqiqat əsərləridir. Ulu öndərin adı ilə bağlı epoxanın mühüm və məsuliyyətli mərhələsi olan Naxçıvan dövrünə aid real sənədləri və dövrü mətbuat materiallarını əks etdirən "Qayıdış” kitabı Azərbaycanın müstəqillik tarixi üçün son dərəcə əhəmiyyətli olan bu mərhələnin obyektiv salnaməsidir. "Qayıdış” kitabı Heydər Əliyev və müstəqil Azərbaycan uğrunda mübarizə mövzusu üzrə aparılan tədqiqatlar üçün mötəbər bir mənbəyə çevrilmişdir. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən "Qayıdış” kitabına yazılmış ön sözdə deyildiyi kimi, "Bu (yəni "qayıdış” sözü - İ.H.) zəmanəmizin görkəmli siyasətçisi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışının məntiqindən doğan, Naxçıvanda üçillik (22 iyul 1990-9 iyun 1993) fəaliyyətlə başlanan böyük missiyanın tarixi-siyasi və fəlsəfi mahiyyətini özündə birləşdirən, dövrün ruhu ilə səsləşən yığcam ifadədir... Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına - Azərbaycanı Azərbaycana qaytarmaq marağına xidmət edir”.

Geniş mənada Heydər Əliyev epoxasının ayrı-ayrı məqamlarını yaddaşlarda yaşatmış insanların xatirələri və düşüncələrini, təəssüratlarını yazdırmaq və ya toplayıb çap etdirmək HeydərƏliyevşünaslıq üçün mötəbər elmi mənbə yaratmaq kimi mühüm bir missiyanı həyata keçirmək deməkdir. "Azərbaycan” qəzeti redaksiyası "Heydər Əliyev mənim həyatımda” adlı ikicildlik xatirələr və məqalələr toplusunu hazırlayıb nəşr etdirməkdə HeydərƏliyevşünaslıq üçün böyük əhəmiyyətə malik olan həmin şərəfli missiyanı ilk dəfə və yüksək səviyyədə yerinə yetirmişdir. Akademik Ramiz Mehdiyevin elmi məsləhətçiliyi və ön sözü ilə nəşr edilmiş "Heydər Əliyev mənim həyatımda” kitabı görkəmli dövlət xadimi haqqında yaradılmış mükəmməl yaddaş ensiklopediyasıdır. Bu kitabda ulu öndərin mənalı həyatı və yorulmaz fəaliyyətinin uşaqlıq və gənclik dövründən başlamış (Zərqələm Əliyeva. Məni 13 yaşlı Heydər Əliyevə tapşırdılar; Firuzə Rzayeva. Heydər Əliyev sinfimizin hər mənada birincisi idi; Dövlət Məmmədov. 1936-cı ildə Əliyevlər ailəsinə pənah gətirdim), müxtəlif illərdə onun rəhbərliyi ilə məsul vəzifələrdə çalışmış (Əli Həsənov, Həsən Həsənov, Ramil Usubov, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Arif Rəhimzadə), görkəmli dövlət xadiminin elm, təhsil və mədəniyyət siyasətinin həyata keçirilməsinə xidmət etmiş (Xəlil Rza Ulutürk, Məmməd Araz, Zeynəb Xanlarova, Fəttah Heydərov, Ömər Eldarov, Arif Məlikov, Elçin Əfəndiyev, Asəf Nadirov, Əhliman Əmiraslanov, Seyfəddin Qəndilov, İsa Həbibbəyli, Vaqif Səmədoğlu, Amalya Pənahova) böyük şəxsiyyətlərin və qüdrətli rəhbərin xüsusi qayğısını görmüş onlarla sadə insanların yaddaşında yaşayan parlaq səhifələr, unudulmaz anlar kino lenti kimi yazıya köçürülərək əbədiləşdirilmişdir. Dünya şöhrətli adlı-sanlı şəxsiyyətlərin Süleyman Dəmirəl, Zbiqnev Bjezinski, İhsan Doğramaçı, Nikas Safronov və başqalarının xatirə və təəssüratlarının vaxtında alınıb kitaba daxil edilməsi mühüm əhəmiyyətə malik xidmətdir. Çap olunduğu vaxtdan cəmi 6 il keçməsinə baxmayaraq, yuxarıda adlarını çəkdiyimiz tanınmış şəxsiyyətlərin, yaradıcı ziyalıların, sadə insanların yarıdan çoxunun indi artıq həyatda olmaması "Heydər Əliyev mənim həyatımda” kitabının nə qədər zamanında hazırlanmış əhəmiyyətli mənbə olduğunu sübut edir.

Eyni sözləri yazıçı-publisist Elmira Axundovanın "Şəxsiyyət və Zaman” çoxcildlik kitabı haqqında da demək mümkündür. Tərəddüd etmədən demək olar ki, altı cildlə və yeddi kiatbdan ibarət olan "Şəxsiyyət və Zaman” kitabı Heydər Əliyevin çətin və şərəfli həyat yolu və mübarizəsi haqqında yazılmış ən geniş həcmə malik olan ilk monumental əsərdir. İlk dəfə olaraq Heydər Əliyevin XX əsrin böyük çətinliklərinin, mürəkkəbliklərinin, maneələrinin ağır məngənəsindən keçərək ictimai-siyasi mühitə yol açması, cəmiyyətin bütün dolaylarından və sərt aşırımlarından adlayaraq ölkəsinin və xalqının ümummilli lideri səviyyəsinə çatması prosesləri özünün dərin qatları, reallıqları, gedişatı ilə birlikdə Elmira Axundovanın "Şəxsiyyət və Zaman” adlı çoxcildliyində böyük masştaba təqdim olunmuşdur. Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı monumental əsəri Azərbaycan HeydərƏliyevşünaslığının möhtəşəm abidəsidir. "Şəxsiyyət və Zaman” əsərini Azərbaycan HeydərƏliyevşünaslığının beynəlxalq aləmə təqdim edə biləcəyi ən mükəmməl bioqrafik roman da adlandırmaq mümkündür. "Şəxsiyyət və Zaman” - Heydər Əliyev şəxsiyyətinin möhtəşəm romanı bu görkəmli dövlət xadiminin epoxasının publisist fəlsəfəsidir. "Şəxsiyyət və Zaman” Heydər Əliyev kimi qüdrətli İnsanı şəxsiyyətin bütövlüyünün və əzəmətinin, dövrünün tarixi məsuliyyətinin və mürəkkəbliklərinin fonunda təqdim edən mükəmməl sənədli-bədii-publisist əsərdir.

Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyi janr etibarilə onun bundan əvvəl yazıb nəşr etdirdiyi üçcildlikdə müşahidə olunan roman-tədqiqatının hüdudlarını aşaraq, mövzusu, süjeti və kompozisiyasına, altı cild həcmindəki geniş əhatə dairəsinə, vüsətinə görə epopeyaya çevrilmişdir. Fikrimizcə, roman-tədqiqat əsərin janrını yox, yanaşma üsulunu müəyyən edir. Bu çoxcildlik görkəmli dövlət xadimi Heydər Əliyev və onun epoxası haqqında, nəsil şəcərəsi, ailə və təhsil mühitinin, Azərbaycana birinci və ikinci rəhbərlik dövrlərinin Moskva-Kreml mərhələsinin roman təəssüratı yaradan cildlər əsasında formalaşmış mükəmməl bir epopeyadır. Bu çoxcildlik nəşr Azərbaycanda ilk bioqrafik roman - hər biri epopeya kimi mühüm əhəmiyyətə malikdir. Çoxcildlikdə çoxplanlı şəkildə təqdim olunan romanlar silsiləsi ilə əks etdirilən Heydər Əliyevin möhtəşəm bioqrafiyası Azərbaycan xalqının çətin və şərəfli mübarizə yollarının böyük dastanı - epopeyasıdır. Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülməsi bu əsərə verilmiş yüksək qiymətin ifadəsidir.

Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr edilmiş əsərlər sırasında Viktor Andrianovla Hüseynbala Mirələmovun birlikdə yazıb Moskvada "Molodaya qvardiya” nəşriyyatında "Görkəmli adamların həyatı” (JZL) seriyasından nəşr etdirdikləri "Heydər Əliyev” kitabı da xüsusi yer tutur. Bu, Heydər Əliyevin tərcümeyi-halına, həyatı və fəaliyyətinin bütün inkişaf mərhələlərinə və mübarizəsinə həsr edilmiş ilk sənədli romandır. Müəlliflər böyük şəxsiyyətin ömür və mübarizə yolunu dərindən öyrənmiş və kitabda əhatəli şəkildə əks etdirmişlər. "Heydər Əliyev” JZL-i ulu öndərin həyat hekayəsini tam olaraq, bütün yönləri ilə əks etdirən ümumiləşdirilmiş bədii-publisist əsərdir. Kitabın Moskvada "Görkəmli adamların həyatı” seriyası ilə rus dilində nəşr olunması Müstəqil Dövlətlər Birliyi məkanında və rus dilinin geniş işlədildiyi xarici ölkələrdə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən müasir cəmiyyətə və gənc nəsillərə təqdim edilməsinə imkan yaratmışdır. Buna görədir ki, "Heydər Əliyev” JZL-i dünyanın iyirmidən çox dilində kitab kimi nəşr olunmuş, beynəlxalq səviyyədə böyük oxucu marağı qazanmışdır. Bu kitab Hüseynbala Mirələmovun yazıçılıq istedadı ilə Viktor Andrianovun bioqraflıq qabiliyyətinin sintezi əsasında meydana çıxmış yeni tipli orijinal əsər kimi Azərbaycan HeydərƏliyevşünaslığının nadir əsərinə çevrilmişdir.

Azərbaycan Heydər Əliyevşünaslığında görkəmli dövlət xadiminin ölkə həyatının ən müxtəlif sahələri üzrə səmərəli fəaliyyətinə, həmin sahələrin inkişafı yollarında göstərdiyi mühüm tarixi xidmətlərə həsr olunmuş nəşrlər geniş yer tutur. Cəm halında bu əsərlərdən çıxan ən mühüm nəticə ondan ibarətdir ki, müəlliflər Azərbaycanda cəmiyyət həyatının inkişaf etdirilməsi fonunda Heydər Əliyev dühasının universal miqyasını açmağa çalışmış, bu dahi insanın həyatın bütün sahələri üzrə yüksək professionallığa malik olduğunu nümayiş etdirmişlər. Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (2009, kollektiv), Tərlan Quliyevin "Heydər Əliyev və ədəbiyyat məsələləri (2007), Gülbəniz Babaxanlının "Heydər Əliyev və Hüseyn Cavid” (2013) kitabları, "Heydər Əliyevin bədii obrazı: tarixi gerçəklikdən ideala” monoqrafiyası (2018, kollektiv), Yaşar Qasımbəylinin "Heydər Əliyev ədəbiyyatı və ədəbiyyat” kitabı (2018) görkəmli dövlət xadiminin ədəbiyyat təfəkkürünün və ədəbiyyat siyasətinin elmi şərhini bütün zənginliyi ilə meydana qoyur. Akademik Fəraməz Maqsudovun "Heydər Əliyev və Azərbaycan elmi” (1998), Eldar İbrahimovun "Heydər Əliyev və Azərbaycanın aqrar siyasəti” (2015), professor Nizami Xudiyevin "Heydər Əliyev və Azərbaycan dili”, "AMEA bizim milli sərvətimizdir” (2003) məqalələr toplusu, Aybəniz Əliyeva-Kəngərlinin "Heydər Əliyev və Azərbaycan elmi” biblioqrafik göstəricisi (2011), Ədalət Qasımovun "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişafı tarixi” (2009), Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” (3 cilddə. 2013-2014, 2018), tərtib kitabı olan "Heydər Əliyev və mədəni irs” (2014), Aydın Mirzəzadənin "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” (2016), Əli Həsənovun "Heydər Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi” (2016), Xatirə Quliyevanın "Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (2019), "Heydər Əliyev və Azərbaycan səhiyyəsi (2011, kollektiv) və sair kitablarda Heydər Əliyev fenomeninin ən müxtəlif istiqamətlərdəki parlaq təzahürləri ifadə olunmuşdur. Bu silsilədən olan kitablar hamısı bir yerdə həm də Azərbaycanın son yarım əsr ərzində müxtəlif istiqamətlər üzrə keçdiyi böyük yolun bələdçisidir.

Əlbəttə ki, Heydər Əliyev epoxası anlayışı ulu öndərin hakimiyyəti illəri ilə yanaşı, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsini də özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olan bu yeni mərhələ ölkəmizin tarixinə İlham Əliyev erası kimi daxil olmuşdur. İlham Əliyev erası - müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin obyektiv təyinatı və yeniləşən Azərbaycanın yeni ünvanıdır. Azərbaycan HeydərƏliyevşünaslıq elmi geniş anlayış olub, özündə ulu öndərə həsr edilmiş əsərlərlə yanaşı, həm də İlham Əliyev erasını əks etdirən tədqiqatları da birləşdirir. Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşüncələr” (2009), "Müasir Azərbaycan dövrün baxışında” (2011), "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” (2008) kitabları Azərbaycan cəmiyyətində gedən transformasiya proseslərini, xüsusən Prezident İlham Əliyevin adı ilə bağlı olan yeni tarixi mərhələnin elmi dərkindən və nəzəri şərhindən ibarət olan konseptual tədqiqat əsərləridir. Nizami Cəfərovun "Müstəqil Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə” (2012), İsa Həbibbəylinin "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” (2013) kitablarında müstəqil Azərbaycan dövlətinin həyatında yaşanmış keçid prosesləri və siyasi varislik münasibətlərinin, davamlı inkişaf proseslərinin mühüm nəticələri təhlil edilərək qiymətləndirilmişdir. Bu seriyadan olan kitablarda Prezident İlham Əliyevin yüksək liderlik qabiliyyəti, müstəqil Azərbaycan dövlətinin inkişafında yaratdığı yeni tarixi mərhələnin özünəməxsusluqları, ölkəmizi daha böyük gələcəyə aparan yolun reallıqları obyektiv mövqedən işıqlandırılmışdır. Bundan başqa, son illərdə möhtərəm Prezidentə həsr olunmuş kitablar, o cümlədən Xanhüseyn Kazımlı və Əsli Kazımovanın "Böyük siyasətin davamı” çoxcildliyi, Hüseynbala Mirələmovla Viktor Andrianovun "İlham Əliyev” JZL-i (Moskva, 2007), Graema H.Vilsonun "İlham: Bir Cümhurbaşkanının portresi” (Türkiyə, 2011), Elmira Axundovanın "İlham Əliyev Zamanın fonunda Prezidentin portreti” (Moskva, 2016), Əli Həsənovla Aslan Aslanovun tərtib etdikləri "İlham Əliyev - on beş illik Prezidentlik dövrünün uğur salnaməsi” (2018) kitabları yeni tipli siyasi lider və müstəqil Azərbaycan haqqında böyük həqiqətlərin real traktatlarıdır. Prezident İlham Əliyevə həsr edilmiş kitablar ölkəmizin müasir simasını və böyük gələcəyini əks etdirən mühüm azərbaycanşünaslıq faktıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinə, ulu öndərin böyük ideallarına və mübarizəsinə həsr olunmuş elmi konfranslarda böyük şəxsiyyətin keçdiyi şərəfli inkişaf yolu, apardığı məqsədyönlü siyasət, yaratdığı müasir Azərbaycan dövlətinin nailiyyətləri ilə yanaşı, həm də qlobal siyasətin və cəmiyyətşünaslığın aktual problemləri geniş müzakirə olunmuşdur. Bu mənada Heydər Əliyev konfransları Azərbaycanın yeni dövr inkişafının siyasi-elmi dərsləri, müstəqil dövlətçilik və azərbaycançılıq ideyalarının çoxsəsli elmi dialoqudur. Heydər Əliyev konfranslarının materialları Azərbaycan HeydərƏliyevşünaslığının üzvi tərkib hissəsi olub, bu böyük elmi-nəzəri təlimi yeni müddəalarla zənginləşdirən qiymətli əsərlərdir. Yeni Azərbaycan Partiyasının 2005-2015-cı illərdə ölkə miqyasında keçirdiyi konfranslar Heydər Əliyevin silahdaşlarının, Azərbaycan ictimai elmlərinin nümayəndələrinin, milli ziyalılığın, yeni nəsillərin müstəqil dövlətimiz və ulu öndərimiz qarşısındakı möhtəşəm hesabatlarıdır. Yeni Azərbaycan Partiyasının Heydər Əliyev konfranslarının 10 cildlik materialları Azərbaycan HeydərƏliyevşünaslığının çoxcildlik külliyatıdır. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun 2013-2018-ci illərdə Heydər Əliyev Fondu və Rusiya Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birlikdə keçirdiyi beynəlxalq elmi konfransın 5 cildlik materialları Azərbaycan Heydər Əliyevşünaslığının qiymətli elmi-nəzəri və fəlsəfi dərsləridir.

Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Dövlət Xarici Dillər Universitetində, Naxçıvan Dövlət Universitetində və AMEA-nın Naxçıvan bölməsində, Azərbaycan Dövlət Pedaqoji Universitetində hər il təşkil edilən Heydər Əliyev konfransları Azərbaycan Heydər Əliyevşünaslığının yeni nəsillərinin yetişib formalaşdırılmasına uğurla xidmət edir.

Artıq Azərbaycan Heydər Əliyevşünaslıq elmi özünün təşkilatlanma dövrünü yaşamaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 2013-cü ildə fəaliyyətə başlamış " Əliyevşünaslıq” (şöbə müdiri f.e.d. Ə. Qasımov), Fəlsəfə İnstitutunda 2017-ci ildə yaradılmış "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsi (şöbə müdiri f.ü.f.d. Ş. Mədətli) Azərbaycan Heydər Əliyevşünaslıq elminin əsas mərkəzlərinə çevrilməkdədir. Tarix İnstitutunun "Əliyevşünaslıq” şöbəsində hazırlanıb nəşr edilmiş ikicildlik, "Heydər Əliyev” salnaməsi (2013) və ikicildlik "Heydər Əliyev Azərbaycan elminin keşiyində” adlı sənədlər və materiallar toplusu və Fəlsəfə İnstitutundakı "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin elmi ictimaiyyətə təqdim etdiyi "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” məqalələr toplusu HeydərƏliyevşünaslıq üzrə ixtisaslaşmış alimlərin və mütəxəssislərin Azərbaycan ictimai elmlərinə sanballı və əhəmiyyətli töhfələridir.

HeydərƏliyevşünaslıq elmi "Heydər Əliyev ensiklopediyası”, "Heydər Əliyevin elmi tərcümeyi-halı”, "Heydər Əliyev və müstəqil Azərbaycan” kimi elmi nəşrləri hazırlayıb çap etdirməli, ən başlıcası isə, yeni nəsil HeydərƏliyevşünas tədqiqatçılar yetişdirib hazırlamaq vəzifələrini həyata keçirməlidir. Azərbaycanın müasir inkişafının yeni tarixi mərhələsi olan İlham Əliyev epoxasının tarixi oçerklərini yazıb hazırlamaq da HeydərƏliyevşünaslıq elmimizin böyük vəzifələrindəndir.

Hesab edirəm ki, Azərbaycan HeydərƏliyevşünaslığının inkişaf mərhələləri və problemləri mövzusu özü də geniş və sanballı bir tədqiqatın obyekti olmağa tamamilə layiqdir.

Göründüyü kimi, artıq Azərbaycanda Heydər Əliyevşünaslıq müstəqil bir elmi istiqamət kimi formalaşmışdır. Azərbaycan Heydər Əliyevşünaslığı ölkəmizdə və dünyada cəmiyyət həyatının ən müxtəlif inkişaf proseslərini görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi irsinin və böyük ideallarının işığında tədqiq edib araşdıran və ümumiləşdirilmiş şəkildə təqdim edən siyasi yönlü elmi məktəbdir.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 7 may 2019

  • Paylaş: