www.science.az
30.04.2019 16:29

“Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” kitabının təqdimatı olub

Aprelin 30-da AMEA-nın Elektron akt zalında Fəlsəfə İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” kitabının təqdimatı olub.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq hər il ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı ölkəmizdə, onun hüdudlarından kənarda və akademiyada müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Qeyd edib ki, ulu öndər XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayıb, hələ keçmiş sovet hakimiyyəti illərində xalqımızın milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atıb.

Akademik Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsinin ulu öndərin adı ilə bağlı olduğunu və bütün bunlara görə Azərbaycan xalqının ümummilli lideri kimi böyük tarixi ad qazandığını bildirib.

İ.Həbibbəyli vurğulayıb ki, təqdimatı keçirilən monoqrafiyada ulu öndərin uzun onillikləri əhatə edən milli dövlət quruculuğu siyasəti dünya tarixi siyasi təcrübəsi kontekstində dərindən araşdırılıb, dahi şəxsiyyətin XX əsrin nəhəng milli lider keyfiyyətləri elmi-fəlsəfi aspektlərdən geniş təhlil olunaraq qiymətləndirilib. Dövlət xadiminin mənalı və çoxşaxəli həyat və fəaliyyətinin bütün elmi-fəlsəfi salnaməsi xarakterində olan bu genişhəcmli monoqrafiyada dünya siyasət elmi, onun müasir problemləri və elmi konseptual səciyyəsi, əsas isə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi irsi ən yeni materiallar əsasında məntiqi elmi müqayisə və yeni yanaşmalarla təhlil olunur.

Qeyd edilib ki, monoqrafiyada ilk dəfə olaraq milli dövlət anlayışının müasir fəlsəfi şərhi verilib. Bu zəmində milli lider məfhumunun nəzəri mahiyyəti elmi cəhətdən əsaslandırılıb. Dahi rəhbər Heydər Əliyevin təkrarsız ümummilli liderlik missiyası və siyasi fenomen keyfiyyətləri, bu kontekstdə bu böyük dühanın siyasi kursu dolğun materiallar və peşəkar alim-tədqiqatçı elmi-məntiqi əsaslandırmaları vasitəsilə dəyərələndirilir.

Sonra Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı, fəlsəfə elmləri doktorları - Füzuli Qurbanov, Azər Mustafayev və digərləri çıxış edərək kitabın məziyyətlərindən söz açıblar.

Sonda çıxış edən Xatirə Quliyeva kitabın ərsəyə gəlməsində əməyi olanlara, tədbirin iştirakçılarına və təşkilatçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabının elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Rəyçiləri AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Naxçıvan Dövlət Universitetinin professoru Məmməd Rzayev, Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Tahirə Allahyarova, məsul redaktoru Eynulla Mədətli, redaktorları - Vəfa Babayeva və Sevinc Nisa Quliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.