www.science.az
02.05.2019 17:08

"Məhməd Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə iki şair bir şeir" mövzusunda beynəlxalq elmi panel keçirilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Məhməd Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə iki şair bir şeir" mövzusunda beynəlxalq elmi panel keçirilib.

Tədbir çərçivəsində hər iki şairin əsərlərindən ibarət sərgi də təşkil edilib.

İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin güclü təməllər üzərində qurduğu Azərbaycan-Türkiyə birliyi, qardaşlığı bu gün ölkə başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli addımları ilə möhkəmlənir, inkişaf edir. Akademik türk dünyasının böyük şairləri Məhməd Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilmiş birgə tədbirin keçirilməsinin bu dostluğun, qardaşlığın bariz göstəricisi olduğunu söyləyib.

M.A.Ərsoyun Türkiyədə Cumhuriyyət ideyalarını ortaya atan, milli düşüncə, istiqlaliyyət fikirlərini yayan, dövlətçilik təfəkküründən çıxış edən şair olduğunu deyən İ.Həbibbəyli bildirib ki, ədibin "Safahat" əsəri ölkəmizdə də böyük rəğbət qazanıb, Azərbaycan alimləri tərəfindən diqqətlə araşdırılıb, öyrənilib. O, həmçinin B.Vahabzadənin də yaradıcılığına toxunub, şairin hələ SSRİ dövründə müstəqillik, milli istiqlaliyyət ideyalarından çıxış etdiyini, əsərlərində bu mövzulara geniş yer verdiyini xatırladıb. Eyni zamanda B.Vahabzadənin "Gülüstan" poemasının SSRİ rəhbərliyi tərəfindən senzuraya məruzə qalan zaman ulu öndər Heydər Əliyevin yazıçıya sahib çıxdığını bildirib.

Bu gün hər iki şairin türk dünyasında məşhur olduğunu və istiqlaliyyət şairləri kimi anıldığını deyən İ.Həbibbəyli elmi panelin onların yaradıcılığının daha geniş kütlələrə çatmasına təkan verəcəyini söyləyib.

Paneldə, həmçinin TR Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TR Mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, TR Qida və səhiyyə nazirliyinin nümayəndəsi Necdet Ünüvar, EkoAvrasiya dərnəyinin rəhbəri, yazıçı Hikmət Ərən, Bakı Yunus Əmrə İnstitutunun müdiri, dosent Cihan Özdemir, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Türkiyənin Azərbaycandakı Dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım və M.A.Ərsoyun nəvəsi Səlma Ərsoy Arqon çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərindən, eləcə də ədiblərin yaradıcılığından danışıblar.

Sonda çıxışlar ətrafında elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.