Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İctimai və humanitar elmlərin ən perspektivli inkişaf istiqamətlərindən biri də İpək Yolu layihəsidir
01.05.2019 15:42
  • A-
  • A
  • A+

İctimai və humanitar elmlərin ən perspektivli inkişaf istiqamətlərindən biri də İpək Yolu layihəsidir

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev AMEA-nın Ümumi yığıncağında çıxış edib. “Elm qapalı mühitdə inkişaf edə bilməz, onun tərəqqisi üçün beynəlxalq elmi mühitə inteqrasiya zəruridir”, – deyən alim son zamanlar akademiyada beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində ciddi tədbirlərin görüldüyünü vurğulayıb.

İctimai və humanitar elmlərin ən perspektivli inkişaf istiqamətlərindən birinin də İpək Yolu layihəsi olduğunu deyən Ş.Mustafayev bu layihənin xüsusilə son illərdə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası ilə bütün dünyada aktuallıq qazandığını qeyd edib. Bildirib ki, Azərbaycan dövləti bu strategiyanı dəstəkləməklə yanaşı, həm də özünün geniş iqtisadi və infrastruktur layihələri ilə bu sahədə fəal şəkildə iştirak edir.

O, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Böyük İpək Yolu üzərində” adlı fundamental monoqrafiya haqqında məlumat verərək bu kitabda ilk dəfə olaraq Azərbaycan tarixinin İpək Yolu ilə bağlı 1500 illik dövrün kompleks şəkildə tədqiq olunduğunu bildirib.

Alim UNESCO ilə hərətərəfli və səmərəli əməkdaşlıq edən Azərbaycanın İpək Yolu ilə bağlı bəzi layihələrə də qatıldığını deyərək, bu sahədə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası və UNESCO üzrə Milli Komissiyanın fəaliyyətlərini xüsusi qeyd edib.

Akademikin sözlərinə görə, hazırda tarixi İpək Yolu ilə bağlı UNESCO-nun həyata keçirdiyi ən irihəcmli proqram İpək Yolu abidələrinin seriya nominasiyası adlanır. Söhbət bu qədim marşrut üzərində yerləşən ölkələrin maddi-mədəniyyət abidələrinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsindən gedir. Bu günə qədər Azərbaycanın 2 abidəsi – Qobustan və İçəri Şəhər kompleksi də bu siyahıda öz yerini tapıb.

Son illərdə Hindistan, Rusiya, İran, Türkiyə, Cənubi Koreya, İtaliya və s. kimi ölkələrin UNESCO-nun İpək Yolu seriya nominasiyası proqramına böyük maraq göstərdiklərini qeyd edən alim bu ölkələrdən bəzilərinin yaxın zamanda proqrama qoşulmağı nəzərdə tutduqlarını deyib.

AMEA rəhbərliyinin İpək Yolu ilə bağlı təşəbbüsləri dəstəklədiyini vurğulayan akademik, eyni zamanda Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, və UNESCO üzrə Milli Komissiyada bu məsələnin dəfələrlə müzəkirə edildiyini diqqətə çatdırıb.

O, Azərbaycanın İpək Yolu ilə bağlı irimiqyaslı layihələrə qoşulmasının dövlət əhəmiyyətli məsələ olduğunu bildirərək, eyni zamanda UNESCO-nun layihələrində iştirakın Azərbaycanda ictimai və humanitar elmlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: