www.science.az
29.04.2019 17:26

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Sessiya çərçivəsində Nəsimi yaradıcılığına həsr olunan əsərlərdən ibarət sərgi də təşkil edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq ölkə başçısının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzaladığını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlər ölkəmizdə humanitar fikrə, ədəbiyyatımıza, tariximizə, klassiklərimizə dövlətin yüksək qayğısının mühüm nümunəsidir.

Akademik Prezidentin sərəncamlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda Nəsimi yaradıcılığının təbliğ edildiyini, eləcə də azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini söyləyib. O, akademiyada İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr edilən yekun tədbirin isə cari ilin noyabr ayında baş tutacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ölkəmizdə Nəsimi yaradıcılığına qayıdışın hələ SSRİ vaxtı 1973-cü ildə ümummilli lider Heydər Əliyevin dövlət səviyyəsində qəbul etdiyi qərardan sonra baş tutduğunu söyləyən İ.Həbibbəyli həmin il şairin 600 illik yubileyinin YUNESKO tərəfindən qeyd edildiyini, Bakıda abidəsinin ucaldıldığını, "Nəsimi" filminin çəkildiyini bildirib.

AMEA-nın vitse-prezidenti bu gün ədibin yaradıcılığının daha dərindən müstəqillik işığında tədqiq edilməsinin zəruriliyini vurğulayıb, həmçinin Ədəbiyyat İnstitutu tərəfindən "Böyük Azərbaycan şairi İmaddədin Nəsimi" adlı monoqrafiyanın hazırlandığını, il ərzində nəşr olunacağını deyib.

Sessiyada, o cümlədən filologiya elmləri doktoru, dosent Fəridə Əzizovanın "Nəsimi və qədim ərəbdilli Azərbaycan şeiri", filologiya elmləri doktoru, professor Məmməd Əliyevin "Nəsimi şeirinin vəzn xüsusiyyətləri", filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun "Nəsiminin XX əsr ərəb ədəbiyyatşünaslığında öyrənilməsi", filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın "Nəsiminin sənətkarlıq dünyasında", filologiya elmləri doktoru Fəridə Vəlixanovanın "Qərb dünyasında Şərq" və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Edamdan sonra başlanan həyat" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.