Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Professor Yusif Seyidovun anadan olmasının 90 illiyinə həsr edilən elmi konfrans keçirilib
25.04.2019 09:42
  • A-
  • A
  • A+

Professor Yusif Seyidovun anadan olmasının 90 illiyinə həsr edilən elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyinə həsr edilən elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Y.Seyidovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, alim 1944-1946-cı illərdə Naxçıvan Müəllimlər İnstitutunda oxuyub, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

Y.Seyidovun əmək fəaliyyətindən danışan Ə.Quliyev diqqətə çatdırıb ki, görkəmli alim 1956-cı ildə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasına müəllim vəzifəsinə qəbul edilib, 1965-ci ildən ömrünün sonuna kimi isə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri olub.

Bundan əlavə, alimin 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etdiyini xatırladıb. Eyni zamanda professorun Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər, dərsliklər yazdığını bildirib.

Sonra institutun elmi katibi Zülfiyyə İsmayılın “Professor Yusif Seyidov yardıcılığında ədəbi dil məsələləri”, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “XX əsr Azərbaycan poeziyasının dil məsələləri Yusif Seyidovun araşdırmalarında” və elmi işçi Aysel Eminovanın “Professor Yusif Seyidov xatirələrdə” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: