www.science.az
24.04.2019 15:00

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində cari ilin fevral-aprel ayları ərzində bu ali məktəbin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxın nümayişindən sonra çıxış edən rektor Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb.

Daha sonra qaliblər təltif edilib. Müəllimlik üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə millət vəkili, professor Jalə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, informasiya texnologiyaları üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə millət vəkili, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov, riyaziyyat üzrə 2-ci və 3-cü yerlərin qaliblərinə BDU-nun rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, birinci yerlərin qaliblərinə isə mükafatları Təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, “SABAH” qrupu əməkdaşları, tələbələri və könüllüləri iştirak ediblər.

Qeyd edək ki, “SABAH” qrupları layihəsi çərçivəsində ikinci ildir keçirilən bilik yarışmasının məqsədi  “SABAH” qrupları tələbələri arasında elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, onların təhsil və bilik zəminində inteqrasiya etməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.