www.science.az
10.06.2014 00:00

“Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans keçirildi

Bu gün “Four Seasons Baku” otelində “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans keçirildi. Məqsəd Azərbaycan Qafqaz Albaniyası irsinin təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin həyata keçirilməsidir. Tədbirdə Milli Məclisin deputatları, aidiyyatı nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, müxtəlif xarici ölkələrdən dəvət olunmuş alimlər iştirak edirdilər.

Tədbir AMEA İnsan Hüquqları İnstitutu (İHİ), Azərbaycan RespublikasıMədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) dəstəyi ilə keçirilir.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziriƏbülfəs Qarayev açaraq tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın zəngin və tolerant tarixi irsi, müxtəlif etnoslara və dinlərə aid çoxsaylı tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün görülən işlər sistemli şəkildə davam etdirilir. O, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Qafqaz Albaniyası irsinin tədqiqi məsələsinə xüsusi yer ayrıldığını diqqətə çatdırdı. Abidənin tarixi və mədəni irsinin qorunmasına dair araşdırmaların davam etdiriləcəyini vurğulayan Ə.Qarayev bu istiqamətdə dövlət proqramının qəbul olunmasının da nəzərdə tutulduğunu söylədi.

AMEA İHİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzey, kitabxana və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mühafizəsi, hüquqi qorunması və müvafiq beynəlxalq təşkilatlar, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsinin təmin edilməsinin vacibliyini önə çəkdi. Azərbaycanın maddi mədəniyyət nümunələrinin bir qisminin ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında olduğunu vurğulayan A.Mustafayeva bu abidələrin mənfur qonşularımız tərəfindən viran edildiyini söylədi.

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibiGünay Əfəndiyeva qurumun Qafqaz Albaniyası irsinin tədqiqinə xüsusi önəm verdiyini bildirərək mühüm əhəmiyyət kəsb edən tarixi ərazilərdə tarix və mədəniyyət qoruqlarının mühafizəsi istiqamətində zəruri işlərin həyata keçirildiyini qeyd etdi. Ümumbəşəri dəyər daşıyan, Qafqazın ən qədim tarixi abidələrindən hesab olunan Kiş məbədi və Gəncəsar alban məbədinin də YUNESKO-nun “Ümumdünya irs siyahısı”na daxil edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin önəmliyini qeyd etdi.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova və MHA-nın sədri Kamran İmanov konfransın Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektləri əhatə etdiyini diqqətə çatdırdılar. Beynəlxalq hüquqa zidd olaraq Qafqaz Albaniyasına məxsus tarixi və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi, formasının dəyişdirilməsi, dini memarlıqda xristian və islam motivlərinin vəhdəti, tarixi memarlıq irsinin qorunmasında ictimai təşkilatların rolu haqqında ətraflı məlumat verdilər.

Tədbirdə, həmçinin “Mədəni irs və tarixi-mədəniyyət qoruqları” mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qalibləri də mükafatlandırıldı, MHA-nın təşəbbüsü ilə hazırlanmış film nümayiş olundu.

Konfrans öz işini iyun ayının 11-dək plenar iclas və sessiyalarla davam etdirəcək.

Tədbir çərçivəsində beynəlxalq konfrans iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına informativ turlar təşkil olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.