Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

23.04.2019 15:12
  • A-
  • A
  • A+

“Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

“Sözümüz sözdür” kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Sözümüz sözdür” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq müəllifin elmi və bədii yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən tədbirin aparıcısı, şair Yusif Nəğməkar nəşrdə Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, Akif Səməd, Elşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələrin toplandığını bildirib. O, müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Mərasimdə, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, həmin qurumun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, Təhminə Vəliyeva və digərləri çıxış edərək kitab barədə təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilən vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: