Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA İtaliyanın Milli Tədqiqat Şurası ilə birgə Mingəçevir su anbarında yaranan yönəldilmiş seysmik effektləri tədqiq edir
22.04.2019 12:07
  • A-
  • A
  • A+

AMEA İtaliyanın Milli Tədqiqat Şurası ilə birgə Mingəçevir su anbarında yaranan yönəldilmiş seysmik effektləri tədqiq edir

AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında bağlanmış elmi əməkdaşlıq haqqında müqaviləyə əsasən CNR-in Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun Yer elmləri və ətraf mühit departamentinin rəhbəri, professor Luçiano Teleska Bakıda səfərdə olub.

Səfərin məqsədi “Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsinə dair əldə olunan nəticələrin müzakirəsi, o cümlədən AMEA-CNR əməkdaşlığı çərçivəsində 2020-2021-ci illəri əhatə edən müsabiqə ilə bağlı mövzu seçimi və elmi istiqamətlər ətrafında fikir mübadiləsi aparmaq idi.

Professor Luçiano Teleska ilə görüşdə layihənin Azərbaycan tərəfdən elmi rəhbəri, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin QədirovRespublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban YetirmişliGeologiya və Geofizika İnsitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev, həmin institutun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov və RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər.

Müzakirələr zamanı layihəyə aid yeni və mühüm nəticələrin əldə edildiyi bildirilib. Aparılmış tədqiqatlar  nəticəsində Mingəçevir su anbarında suyun səviyyəsinin dəyişildiyi və zəif zəlzələlərin zaman paylanmasında illik periodikliyinin olduğu aşkar edilib. Müəyyən edilib ki, su səviyyəsinin dəyişilməsi ilə meydana gələn yönləndirilmiş seysmik effekt Yer qabığının 20 km  dərinliyini əhatə edir.

Görüşdə layihəyə dair geniş müzakirələr aparılıb, alınmış məlumatlar əsasında yeni məqalənin hazırlanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: