Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.04.2019 11:51
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb

Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb

Aprelin 19-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən olan  Həmid Araslının çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verdiyini deyib. Bildirib ki, Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin müstəsna xidmətləri olub.  O, yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqatlar aparıb, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb.

İ.Həbibbəyli qeyd edib ki, “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən bu böyük şəxsiyyətin 110 illiyi ilə bağlı AMEA-nın müvafiq institutlarında tanınmış elm xadimlərinin, müvafiq dövlət strukturlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər təşkil olunur, alimin zəngin elmi irsinə nəzər salınır.

H.Araslı irsində klassik ədəbiyyat məsələlərinin, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan elmi ictimaiyyəti Həmid Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır. 

Akademik İ.Həbibbəyli ədəbiyyatşünas alimin elmi-təşkilati fəaliyyətinin AMEA ilə sıx bağlı olduğunu, onun yaradıcılığının AMEA sistemində bir çox qurumları əhatə etdiyini söyləyib: "Həmid Araslı Nizami adına Ədəbiyyat muzeyinin yaranmasında böyük zəhmət çəkib, 1960-68-ci illərdə muzeydə direktor vəzifəsində çalışıb. O, 1970-1981-ci illərdə Şərqşünaslıq İnstitutunun direktoru kimi böyük elmi-təşkilati işlər görüb. Həmçinin AMEA-nın Əlyazmalar və Ədəbiyyat institutlarında fəaliyyət göstərib".

AMEA-nın vitse-prezidenti görkəmli alimin “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin  ədəbiyyat tariximizin dövrləşməsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, Həmid Araslının bütün əsərlərinin gənc ədəbiyyatşünaslar üçün etibarlı mənbə olduğunu vurğulayıb.

Sonra AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, Azərbaycanda Əlyazmalar Fondunun yaradılması Həmid Araslının adı ilə bağlıdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak edib.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Ədəbiyyat elmimizin böyük cəfakeşi, görkəmli filoloq-şərqşünas, akademik H.Araslının Azərbaycan ədəbiyyatının öyrənilməmiş problemlərini tədqiq etdiyini, onun orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözünü dediyini söyləyən G.Baxşəliyeva böyük alimin özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallara, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoyduğunu bildirib.

Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi tədqiqata cəlb edilməsində H.Araslının müstəsna xidmətlərindən danışan məruzəçi onun 1943-44-cü illərdə nəşr olunmuş iki cildli “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini yaratmasını, 1960-cı ildə nəşr olunan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirərək, onların bədii-ictimai fikir tariximizə təsirini tədqiq etməsini, alimin klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsinin Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmasını, Nəsiminin də ilk araşdırıcılarından sayıldığını qeyd edib.

H.Araslının həm də mətnşünas alim olduğunu deyən G.Baxşəliyeva onun müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirdiyini, 1939-cu ildə “Kitabi – Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərdiyini vurğulayıb.

Bildirilib ki, alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş, Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.

G.Baxşəliyeva qeyd edib ki, Həmid Araslını və onun əsərlərini keçmiş SSRİ respublikaları ilə yanaşı, Türkiyə, İran, İraq və İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın Əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və İslam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülmüşdü.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, professor Vilayət Cəfərov “Azərbaycan-İraq elmi-ədəbi əlaqələrinin inkişafında akademik Həmid Araslı mərhələsi” məruzəsində akademik Həmid Araslının ərəb dünyası, o cümlədən İraqla bağlı apardığı tədqiqatlardan, elmi və ədəbi əlaqələrin qurulmasındakı rolundan bəhs edib.

Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, f.ü.f.d., dosent Səriyyə Gündoğdu “Akademik Həmid Araslının Azərbaycan şərqşünaslığının inkişafında rolu” mövzusunda məruzəsində alimin Şərq xalqlarının söz sənəti ilə qarşılıqlı əlaqələri müəyyənləşdirən çoxcəhətli elmi axtarışlar apardığını və bu tədqiqatlarla  Azərbaycan şərqşünaslığının inkişafında böyük rol oynadığını qeyd edib.

Konfransda çıxış edən akademik Vasim Məmmədəliyev, tarix elmləri doktoru Solmaz Rütəmova-Tohidi və digər natiqlər H.Araslı elmi yaradıcılığından ətraflı söz açıblar.

Sonda çıxış edən alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərinə, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: