Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlamasının 113 illiyi qeyd olunub
17.04.2019 16:46
  • A-
  • A
  • A+

“Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlamasının 113 illiyi qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin” satirik jurnalının ilk nömrəsinin çapdan çıxmasının 113 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığından, onun təşəbbüsü, nasirliyi ilə dərc edilən “Molla Nəsrəddin” jurnalının milli mətbuatımızın inkişafında yeri və rolundan danışıb. Qeyd edib ki, əsərləri, publisistikası və böyük mətbuatçılıq fəaliyyəti ilə C.Məmmədquluzadə Azərbaycan xalqının maariflənməsində əvəzsiz işlər görüb.

Akademik jurnalın 1906-cı ilin aprel ayında nəşrə başladığını, 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunduğunu söyləyib. Onun sözlərinə görə, nəşr öz ətrafında Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə kimi görkəmli simaları birləşdirməyi bacarıb və böyük bir məktəb yaradıb: “Zülmə, əsarətə, avamlığa qarşı kəskin mübarizə aparan Cəlil Məmmədquluzadə jurnalda karikaturalara geniş yer verməklə xalqı bir çox mətləblərdən agah edib”.

Bundan əlavə, nəşrin 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısı tərəfindən 23 yanvar 2006-cı ildə Sərəncamın imzalandığı xatırladılıb, jurnalın latın qrafikası ilə yenidən çap olunduğu bildirilib.

Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Molla Nəsrəddin” jurnalı və dil məsələsi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Molla Nəsrəddin” jurnalı və Mollanəsrəddinçilik”, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Molla Nəsrəddin” jurnalı və folklor” və laborant Şəmsiyyə Zalova “Molla Nəsrəddin” jurnalında qrafika sənəti” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: