Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer kürəsinin gələcəyi ilə bağlı problemlər müzakirə edilir
10.06.2014 00:00
  • A-
  • A
  • A+

Yer kürəsinin gələcəyi ilə bağlı problemlər müzakirə edilir

Bu gün AMEA Rəyasət Heyətində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) təşəbbüsü ilə “Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq” mövzusunda iclas öz işinə başladı.

Tədbirdə Yer Elmləri Bölməsi, AMEA-nın nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsi və BGGİ-yə üzv olan alimlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan BGGİ-nin AMEA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin prezidenti, akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev 1919-cu ildə təsis edilmiş bu təşkilata dünyanın təxminən 70 ölkəsinin daxil olduğunu vurğuladı. Bildirdi ki, AMEA Rəyasət Heyətinin 2010-cu il tarixli qərarı ilə akademiya da sözügedən təşkilata üzv olmuşdur.

Tədbirdə beynəlxalq təşkilatın 6 assosasiyasının milli nümayəndələrinin iştirak etdiyini söyləyən İ.Quliyev qeyd etdi ki, son zamanlar yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsi böyük əhəmiyyətə malikdir. O, iclasda 2004-2013-cü illərdə Azərbaycan ərazisindəki seysmik proseslərdən, kosmosda baş verən dəyişikliklərin Yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə ediləcəyini vurğuladı. Bildirdi ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.

Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Alimlərin Yer kürəsinin gələcəyinə xüsusi diqqət yetirdiyini xatırladan alim onların fəlakət riski barədə təkliflərinin cəmiyyətə böyük fayda verəcəyinə əminliyini ifadə etdi. A.Əlizadə qeyd etdi ki, ölkəmizdə ilk dəfədir ki, BGGİ-nin iclası keçirilir: “Azərbaycan seysmik ərazidə yerləşdiyindən, respublikamızda belə bir tədbirin keçirilməsi təbiidir.”

BGGİ-nin prezidenti Harş Qupta, BGGİ-nin baş katibi, professor Əli İsmayılzadə çıxış edərək keçirilən tədbirdə müzakirə olunan mövzuların aktuallığını vurğuladılar.

Kanadanın Kalqari Universitetinin professoru Maykl Sideris, Keyp Taun Universitetinin professoru İzabel Ansorge, Tokyo Universitetinin professoruKenji Sataken mövzu ilə bağlı məruzələrlə çıxış etdilər. Onlar qlobal geodeziya müşahidə sisteminin tətbiqi, okeanda risk göstəricilərinin qiymətləndirilməsi, zəlzələ və sunaminin fəsadlarının aradan qaldırılmasına dair tövsiyələrini səsləndirdilər.

Mövzu ətrafında fikir mübadiləsi aparıldı, Yer kürəsindəki mövcud problemlər və onların həlli yolları müzakirə edildi.

Tədbir çərçivəsində Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və “Atəşgah məbədi” Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiyaların təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, tədbir iyunun 13-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: