Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Beynəlxalq seminarın növbəti seksiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib
11.04.2019 09:22
  • A-
  • A
  • A+

Beynəlxalq seminarın növbəti seksiyası AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilib

Məlum olduğu kimi, Bakıda aprelin 8-dən etibarən “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar keçirilir.

AMEA, BNTİ (Rusiya) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə baş tutan seminarın növbəti seksiyası aprelin 10-da İnformasiya Texnologiyaları İnstitutunda baş tutub.

Tədbirdə AMEA-nın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov seminarın əhəmiyyətindən, onun elmə verəcəyi töhfələrdən danışıb. O, beynəlxalq tədbirin ölkələrimiz arasında elm sahəsində əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacağını qeyd edib.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə Big Data analitikası, bulud hesablamaları və digər istiqamətlərdə aparılan elmi tədqiqatlardan söz açıb.

O, qurumda Avropanın elm-təhsil infrastrukturuna inteqrasiyası istiqamətində görülən işlərdən bəhs edərək institutun AzScienceNet elm-kompüter şəbəkəsinin Avropanın elm və təhsil şəbəkəsi olan GEANT-a üzv olduğunu və milli operator funksiyasını yerinə yetirdiyini bildirib. Şəbəkənin İnternetə çıxış sürətinin 3 Gb/san-ə çatdırıldığını qeyd edən R.Əliquliyev böyük hesablama gücü tələb edən mürəkkəb məsələlərin həlli üçün AzScienceNet-in geniş imkanlara malik olduğunu vurğulayıb.

Seminarın “Data Science” istiqamətinə həsr olunmasının əhəmiyyətindən danışan institut direktoru bu kimi seminarların keçirilməsinin mövcud problemlərin müzakirəsi baxımından zəruriliyini bildirib.

BNTİ-nin direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Mixail İtkis nüvə elminin beynəlxalq tədqiqat mərkəzi olan BNTİ-nin nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri barədə məlumat verib. İnstitutun nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqi üzrə dünyanın bir çox ölkələrinin elmi mərkəz və universitetləri ilə əməkdaşlıq əlaqələri qurduğunu, “Böyük Adron Kollayderi” layihəsində iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının direktoru Vladimir Korenkov “Paylanmış hesablamalar və Big Data analitikasının inkişaf istiqamətləri. Beynəlxalq “Data Science” İT məktəbi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi informasiya texnologiyaları sahəsində baş verən ən son yeniliklərə dair aparılan araşdırmalardan söz açaraq grid, bulud, superkompüter və Big Data texnologiyaları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

O, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) məlumatların toplanması və arxivləşdirilməsi üsulları, Big Data analitikası, Big Data-nın idarə olunması üçün paylanmış hesablamalar üzrə texnologiyaların inteqrasiyası, rəhbərlik etdiyi laboratoriyanın fəaliyyət istiqamətləri və İT infrastrukturu, eləcə də, “GOVORUN” superkompüteri, BNTİ-yə üzv dövlət təşkilatlarının bulud resurslarının inteqrasiyası, BNTİ-nin “verilənlər gölü”, təşkilatın İnformasiya Texnologiyaları və Elmi Hesablamalar Strategiyası və s. haqqında ətraflı məlumat verib.

V.Korenkov beynəlxalq “Data Science” İT məktəbinin iş prinsipi, burada həyata keçirilən layihələrdən danışaraq məktəbin əsas məqsədinin Big Data analitikasının köməyi ilə nəzəri və praktiki problemləri müəyyən edə və həll edə bilən “Data Science” üzrə yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması olduğunu bildirib.

Məruzəçi BNTİ-nin İnformasiya texnologiyaları laboratoriyasının Azərbaycanın elmi mərkəzləri və universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişafından da danışıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: