Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq
10.04.2019 11:41
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

2020-ci il iyun ayının 15-də ölkəmizin ilk və ən böyük muzeyi olan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 yaşı tamam olur.

Yarandığı ilk gündən mədəni-maarif və elmi tədqiqat müəssisəsi kimi fəaliyyət göstərən muzey Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi və təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğul olub. Muzeyin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şahidlik edir.

2005-2007-ci illərdə Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə dünya standartları səviyyəsində təmir və bərpa olunan muzeydə Azərbaycan tarixinin ən qədim dövrdən 1920-ci ilədək tarixini əks etdirən yeni ekspozisiya qurulub. Bununla yanaşı, muzeyin 8 zalında onun yerləşdiyi binanın sahibi, məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də fəaliyyət göstərir. Həm ekspozisiya, həm də xatirə muzeyindəki materiallar bura gələn yerli və xarici tamaşaçıları Azərbaycan xalqının keçdiyi tarixi yol, zəngin dövlətçilik ənənələri ilə tanış edir.

Bütün fəaliyyəti ərzində dünyanın müxtəlif muzeyləri ilə əməkdaşlıq edən, sərgilərdə, elmi forumlarda iştirak edən Tarix Muzeyi müstəqillik illərində də bu ənənəni davam etdirib, Rusiya, Türkiyə, ABŞ, Almaniya, Çin, Norveç, Çexiya, Qazaxıstan, Koreya və b. ölkələrlə əlaqələr qurub, xarici ölkələrdə səyyar sərgilərlə çıxış edib.

AMEA Rəyasət Heyətinin aprelin 3-də keçirilən növbəti iclaslında bu nüfuzlu mədəniyyət ocağının çoxşaxəli fəaliyyəti və Azərbaycan elminə verdiyi töhfələr nəzərə alınaraq qərar qəbul edilib. Qərarda muzeyin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər planı təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: