www.science.az
09.04.2019 15:35

Azərbaycan və İtaliya alimləri nanostrukturlaşdırılmış polimer materialların alınması və dizaynı sahəsində əməkdaşlıq edəcəklər

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu qurumun və İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı öz işini aprelin 9-da davam etdirib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq seminarın ikinci gününün gündəliyi barədə iştirakçılara məlumat verib.

Akademik iki institut arasında nanostrukturlaşdırılmış polimer materialların alınması və dizaynı sahəsində elmi əlaqələrin gücləndirilməsinin, bu sahədə təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb. O, həmçinin tezliklə iki müəssisə arasında əməkdaşlıq müqaviləsinin imzalanacağını söyləyib.

Daha sonra Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun tədqiqatçısı Giovanna Buonocorenin “Aktiv qablaşdırmalar üçün innovativ polimer materiallar”, həmin institutun əməkdaşı Marino Lavorgnanın “Quruluş və funksional tətbiqlər üçün qrafen-polimer nanokompozitlər” və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, prof. Vaqif Əhmədovun “Tərkibində metal olmayan polimer karbon nitrid üzərində kataliz” mövzusunda məruzəsi dinlənilib və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.