Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda yaşamış almanların məişəti və mədəniyyəti haqqında yeni kitab çapdan çıxıb
09.04.2019 09:37
  • A-
  • A
  • A+

Azərbaycanda yaşamış almanların məişəti və mədəniyyəti haqqında yeni kitab çapdan çıxıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimovun “Azərbaycan almanlarının etnoqrafik xüsusiyyətləri” adlı monoqrafiyası çapdan çıxıb. Əsər Azərbaycanda yaşamış almanların etnoqrafik xüsusiyyətlərinə həsr edilib. Kitabda ilk dəfə olaraq almanların Azərbaycanda məskunlaşması, onların maddi-mənəvi mədəniyyəti və məişəti ilə bağlı məsələlər təhlil olunub.

Nəşrdə XIX əsrin 20-30-cu illərində bəzi Avropa missionerlərinin Qarabağ azərbaycanlıları arasında (xüsusilə Şuşada) xristianlığı yaymaq cəhdləri və bunun nəticə etibarilə iflasa uğraması məsələlərinə də geniş yer verilib. Qeyd olunub ki, Gürcüstanda yaşamış almanların təsərrüfat məişətində maldarlıq əsas sahə hesab olunurdu. Bundan fərqli olaraq, Azərbaycan almanları əsas etibarilə üzümçülük və şərabçılıqla məşğul olublar.

Əsərdə almanların ənənəvi maddi mədəniyyətinə aid maraqlı faktlar yer alıb. Yaşayış evlərinin tikintisində alman memarlığında tətbiq olunan faxverk sistemindən geniş istifadə edilirdi. Onların Azərbaycandakı yaşayış evləri Almaniyadakı bürqerlərin evlərini xatırladır. Belə yaşayış evləri etnoqrafiya elmində “alleman ev tipi” adlanır.

Zəngin illüstrasiyalı kitaba almanlara aid elmi ictimaiyyətə və geniş oxucu kütləsinə az məlum olan nadir materiallar əlavə edilib.

Tədqiqat əsəri etnoqraflar, arxeoloqlar, tarixçilər və ümumilikdə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: