Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.04.2019 09:52
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda seminar keçirilib

Şərqşünaslıq İnstitutunda “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda seminar keçirilib

Aprelin 8-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda seminar keçirilib.

Tədbirdə çıxış edən bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsinin ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hadisə kimi qarşılandığını bildirib. O, Nəsimi irsinin tədqiqinə töhfələr verən Şərqşünaslıq İnstitutunun da bu əlamətdar hadisə ilə bağlı üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirməyi planlaşdırdığını və bu sahədə işlərin görüldüyünü söyləyib.

G.Baxşəliyeva qeyd edib ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə əlaqədar institutda nəsimişünas alim Səadət Şıxıyevanın rəhbərliyi ilə işçi qrupu yaradılıb. Planlaşdırılan işlər sırasında Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri, ərəb ölkələrində onun haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb dilindən tərcüməsi və nəşri, şairin “Müqəddimətül-həqayiq” və “Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri nəzərdə tutulur. Bununla yanaşı, Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, onunla əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi konfransın, həmçinin şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının böyük mütəfəkkirə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması kimi işlər həyata keçiriləcək.

Daha sonra institutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda məruzə ilə çıxış edib. O, Nəsimi şeirinin forma xüsusiyyətlərindən danışıb, şairin ərəb və fars şeirində ənənəviləşmiş bir sıra poetik forma və fiqurları türk ədəbiyyatında ilk dəfə sınaqdan keçirərək mükəmməl nümunələr yaratdığını bildirib. Məruzəçi Nəsiminin anadilli poeziyamıza gətirdiyi və qəzəlin qəlibindən istifadə ilə ayrıca poetik forma şəkli verdiyi bir sıra poetik fiqurların spesifik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, Nəsimi şeiriyyətini sevdirən cəhətlər dilin təbii axarı, uğurlu özünüifadədir. Nəsimi şeirində sözlər sərtləşə bilir, yumşala bilir, elastikləşə, gözəlləşə və canlana bilir.

S.Şıxıyeva şairin mövzu seçiminin dəyişkənliyi və rəngarəngliyi, səmimiliyi və digər məqamlardan söz açıb, Nəsimi şəxsiyyətindən danışıb. O, şairin təbliğatçı şair olması, “mən” şəxs əvəzliyinin Nəsimidə qrammatik bir vasitə olmaqdan çıxaraq təsəvvüfi-fəlsəfi məzmun daşıması və s. məqamlardan bəhs edib.

Sonda S.Şıxıyeva iştirakçıların suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: