www.science.az
08.04.2019 14:35

İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçirilib

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQKİ) bu qurumun və İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçirilib.

Seminarda KQKİ və İMTŞ-nin əməkdaşları ilə yanaşı, AMEA-nın Polimer Materialları, Neft-Kimya Prosesləri, FizikaBiofizika institutlarının alimləri iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sıx əlaqələrin olduğunu, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin getdikcə yüksəldiyini bildirib.

Elmi əlaqələrə də toxunan akademik AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini söyləyib. D.Tağıyev sözügedən saziş çərçivəsində KQKİ və İtaliya Milli Tədqiqatlar Şurası tərəfindən birgə tədqiqat işlərinin aparıldığını qeyd edib. 

Alim iki gün davam edəcək seminarın kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb.

Sonra Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luici Ambrosio çıxış edərək İMTŞ haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, 1923-cü ildə yaradılan şuranın balansında 300-ə qədər institut, laboratoriya və elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir və 1000-ə yaxın qurumla elmi əməkdaşlıq edilir.

Daha sonra L.Ambrosionun "Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar", İMTŞ-nin əməkdaşı Maria Grazia Rauccinin “Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapevtik materiallar” və Kataliz və Qeyti-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Şamo Tapdıqovun “Xitozan-tibbdə bioaktiv molekulların mükəmməl daşıyıcısı kimi” mövzusunda məruzəsi dinlənilib və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.