Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan konfrans keçirilib
05.04.2019 14:48
  • A-
  • A
  • A+

Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq Prezident İlham Əliyevin "Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında" 11 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını xatırladıb.

“Akademik Həmid Araslının həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Ə.Quliyev görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif istiqamətləri üzrə elmi fəaliyyətinə ətraflı nəzər salıb. Bildirib ki, ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yaradıcılığı ilə seçilən akademik qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığının öyrənilməsi sahəsində böyük xidmətlər göstərib.

Diqqətə çatdırıb ki, o, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı ilə bağlı sanballı elmi əsərlər yazıb, həmçinin Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai və digər şairlər haqqında tədqiqat işləri nəşr etdirib. Bundan əlavə, alimin gənc nəslin milli ruhda tərbiyə olunmasında öz səylərini əsirgəmədiyi vurğulanıb, eləcə də onun rəhbərliyi altında 50-yə yaxın elmlər və fəlsəfə doktorunun hazırlandığı bildirilib.

O, H.Araslının elmin fəaliyyətinin yüksək qiymətləndirildiyini, Azərbaycan və Özbəkistan respublikalarının Əməkdar elm xadimi, Türk Dil Qurumunun, İraq Elmlər Akademiyasının Fəxri üzvü, İordaniya Kral Cəmiyyətinin üzvü kimi adlara layiq görüldüyünü, eyni zamanda “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” orden və medalları ilə təltif edildiyini söyləyib.

Tədbirdə institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Klassik irsin nəhəng tədqiqatçısı: Həmid Araslı”, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Akademik Həmid Araslı və dünya ədəbiyyatı” və elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Həmid Araslı və şifahi xalq ədəbiyyatının tədqiqi məsələləri” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: