www.science.az
09.06.2014 00:00

Polimer Materialları İnstitutunda İşçi qrupun I görüşü keçirilib

AMEA Polimer Materialları İnstitutunun (PMİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Akif Əzizov, elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Valeh Cəfərov, AMEA-nın müxbir üzvü, professor Yavuz Rüstəmov, professor Nəcəf Qəhrəmanov, kimya üzrə fəlsəfə doktoru Tahir Alxazov, “Azərikimya” İB-nin icraçı direktorun müşaviri Firudin Mustafayev və digərlərinin daxil olduğu İşçi qrupun I görüşü keçirilib.

Öncə A.Əzizov institutun mövcud vəziyyəti haqqında məlumat verərək, həlli vacib olan problemlərdən danışıb.

Görüşdə piroliz qurğusu ilə əlaqədar problemlər, örtükəmələgətiricilərin alınması, benzinlərə yüksək oktanlı əlavələr istehsalı, polimer qətranından yol bitumlarına əlavə bağlayıcı kimi istifadə, təbii karbamidin kapsullaşdırılması, bitkilərin məhsuldarlığını artırmağa və məhsulun tez yetişməsinə imkan verə biləcək limunafor polietilen örtüklərdən istifadə və s. məsələlər müzakirə olunub.

Tədbirdə “Etilen-polietilen” zavodu ilə yanaşı, regionda polipropilen, karbamid, metanol əsaslı istehsalatların yaradılacağı qeyd olunub.

Sonda vurğulanıb ki, İşçi qrup üzvlərinin birgə fəaliyyəti yeni layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan verəcək.

Xatırladaq ki, mayın 26-da AMEA-nın vitse-prezidentləri, PMİ rəhbərliyi və ARDNŞ “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevin iştirakı ilə keçirilmiş müşavirədə “Etilen-polietilen” zavodunda mövcud problemlərin araşdırılması, müzakirəsi və həlli məqsədi ilə PMİ-nin və İB-nin əməkdaşlarından ibarət işçi qrupların yaradılması haqqında qərar çıxarılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.