Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
29.03.2019 15:47
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Alim Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan konfrans materiallarının nəşrə hazırlanması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Böyükxan Naxçıvanski və teatr” mövzusunda elmi məruzəsi dinlənilib. Qeyd edib ki, Naxçıvan teatrı yarandığı gündən xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinə böyük təsir göstərib. Onun sözlərinə görə, Naxçıvanda teatrın inkişafında məşhur maarif və mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin mühüm xidmətləri olub.

Məruzəçi B.Naxçıvanskinin 1901-ci ildən aktyor, 1904-cü ildən 1915-ci ilin avqust ayınadək isə Naxçıvanda hazırlanan tamaşalarda aktyor və rejissor kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Böyükxan Naxçıvanski “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “Yusif və Züleyxa”, “Firdovsi”, “İblis”, “Şeyx Sənan”, “Həkim Ömər Xəyyam”, “Kef içində”  və digər bir çox əsərlərə rejissorluq edib və müxtəlif rollarda oynayıb”.

Ə.Qəhrəmanov aktyorun quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliği olduğunu, həmçinin zamanın aktual problemlərinə toxunduğunu xatırladıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Daha sonra bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova rəhbərlik etdiyi qurumun İş Planını diqqətə çatdırıb və müzakirələrdən sonra təsdiqlənib.

İclasda 2018-ci il üzrə bölmə əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəricisinin nəşrə hazırlığı ilə bağlı Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov məlumat verib.

Bundan əlavə, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat və Təbii Ehtiyatlar institutlarının elmi şuralarının tərkibində qismən dəyişiklik edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: