Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2019 12:06
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Ədəbiyyat Muzeyində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Martın 31-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımı faciəsi: mərhələlər və ibrətlər” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Soyqırımı faciəsinin unudulmamalı dərsləri” mövzusunda məruzə ilə çıxış edib. Alim bildirib ki, 31 mart -Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qürur, fəxarət qaynağı olan istiqlal tarixi, eyni zamanda onun qan yaddaşı, hüzn xatirəsidir. Qədim soykökü ilə qəhrəmanlıq, igidlik salnamələrində ad çıxaran türk xalqı XX əsrin başlanğıcında xain, fitnəkar düşmənimiz ermənilərin vəhşiliyi ilə üzbəüz qaldı. Hələ 1905-1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində saysız azərbaycanlı qətlləri ilə ürəklərə dağ çəkən erməni qaniçənləri 1918-ci ilin mart və aprel aylarında Bakı quberniyası və ona daxil olan Şamaxı, Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur torpaqlarında azərbaycanlılara qarşı soyqırımı törədiblər.

R.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Ermənilər azərbaycanlıları qoca, qadın, uşaq fərq qoymadan qətlə yetirmişdilər. Bu hadisələr zamanı ermənilər xalqımıza qarşı tarixdə görünməyən vəhşilikləri törədiblər. Quba məzarlığı xalqımıza qarşı soyqırımı aktının əyani sübutudur. 1992-ci ildə Xocalıda soyqırımı törədilməsi isə ermənilərin insanlıqdan kənar hansı hisslərə sahib olduğunu bir daha göstərdi.

Qeyd edib ki, hadisənin təşkilatçıları soyqırımı aktının mahiyyətinin açıqlanmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə illərlə mane olmuş, azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin qəsbkar torpaq iddialarını pərdələyiblər. Lakin Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri xatırlamaq və onlara işıq salmaq imkanı əldə etdi. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildi və martın 31-i 1998-ci ildən Azərbaycan xalqının matəm, hüzn günü kimi yad edilir.

Elmi sessiyada “Soyqırımı tarixində Xocalı”, “Soyqırımı və talelər”, “Azərbaycanlıların soyqırımı-tarixi həqiqətlər” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: