Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

ADMİU Memarlıq və İncəsənət İnstitutu ilə müştərək layihələr nəzərdə tutur
01.04.2019 10:02
  • A-
  • A
  • A+

ADMİU Memarlıq və İncəsənət İnstitutu ilə müştərək layihələr nəzərdə tutur

AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları Elm Günü ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.

Universitetin rektoru, professor Ceyran Mahmudova rəhbəri olduğu müəssisənin həmişə AMEA ilə birgə əməkdaşlıq şəraitində çalışdığını və bu əməkdaşlığın müsbət nəticələr verdiyini bildirib.

C.Mahmudova ölkəmizdə Elm Gününün təsis edilməsini Azərbaycan dövlətinin elmə münasibətinin göstəricisi olduğunu bildirib: “Azərbaycan elmi gündən-günə inkişaf edir və getdikcə beynəlxalq əhəmiyyət kəsb edir. Son illər ərzində Azərbaycanda intensiv şəkildə keçirilən beynəlxalq miqyaslı elmi tədbirlər bunu bir daha təsdiqləyir”.

Rektor C.Mahmudova  qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyəti nəzərə alınaraq, sahələr üzrə mütəxəssislərin iştirakı ilə iki qurumun birgə fəaliyyətinin yaxın perspektivlərini müəyyənləşdirən ikiillik iş planının tərtib olunmasını və bu plan əsasında müştərək layihələrin həyata keçirilməsini təklif edib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə rəhbərlik etdiyi elmi qurumun yaranma tarixi, fəaliyyəti və uğurlu nəticələri barədə məlumat verib. "Bu gün Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub və qazanılan uğurlarda AMEA-nın da böyük payı var" - deyə bildirən alim AMEA-da elm və təhsilin inteqrasiyasına böyük önəm verildiyini vurğulayıb.

Daha sonra o, son illər ərzində institutda nəşr olunan kitab və jurnalları ADMİU-nun kitabxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: