Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2019 09:08
  • A-
  • A
  • A+

Akademik Asəf Nadirovun 90 illiyinə həsr olunan elmi konfrans keçirilib

Akademik Asəf Nadirovun 90 illiyinə həsr olunan elmi konfrans keçirilib

AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Asəf Nadirovun Azərbaycanda regional sosial-iqtisadi inkişaf məktəbinin yaradıcısı olduğunu qeyd edib, alimin həyat yolundan və elmi fəaliyyətindən danışıb. İ.Həbibbəyli bildirib ki, regionların inkişaf etdirilməsi ilə bağlı məsələlər görkəmli Azərbaycan alimi Asəf Nadirovun elmi fəaliyyətinin əsas istiqaməti olub. O, Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf konsepsiyasının əsaslarını işləyib hazırlayıb ki, həmin elmi tədqiqatlar bu gün də aktuallığını saxlayır. Alim regionların sənayeləşdirilməsi ilə bağlı çox sanballı tədqiqatlar aparıb, coğrafi amillərlə iqtisadi amillərin əlaqələndirilməsinə əsaslanan qiymətli əsərlər yazıb. Bu sahələrdə elmlər doktorları və elmlər namizədlərinin yetişdirilməsinə bilavasitə rəhbərlik edib. Asəf Nadirovun həm də bacarıqlı elm təşkilatçısı olduğunu qeyd edən İ.Həbibbəyli alimin ictimai və elmi fəaliyyətini, irsini yeni nəsillər üçün yaxşı nümunə kimi qiymətləndirib.

Daha sonra AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Görkəmli iqtisadçı alim və böyük elm təşkilatçısı” mövzusunda məruzəsi dinlənilib. Alim vurğulayıb ki, ağlı, zəkası və zəhmətsevərliyi ilə akademiyada çalışdığı 62 il ərzində kiçik elmi işçi vəzifəsindən AMEA-nın akademik-katibi vəzifəsinə qədər yüksələn Asəf Nadirov bütün həyatını elm və təhsilinin inkişafına həsr edib.

Konfransda çıxış edən AMEA-nın müxbir üzvü Əli Nuriyev Asəf Nadirovu elm fədaisi və müdrik insan kimi səciyyələndirib. O, görkəmli alimin geniş ictimai-siyasi və təşkilati işlər apardığını, elmi kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb.

Professor Rəna Sultanova “Azərbaycanda regional iqtisadiyyatın yaradıcısı” mövzusunda məruzəsində bildirib ki, Asəf Nadirov hələ özünün ilk tədqiqatlarında respublikada ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün geniş təbii imkanların, əmək resurslarının, əhalinin böyük istehsal təcrübəsi və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırıb.

Sonda akademik Asəf Nadirovun qardaşı Hidayət Nadirov çıxış edərək yubiliyarın ailəsinin adından elmi konfransın təşkilatçılarına və AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: