Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2019 09:09
  • A-
  • A
  • A+

Botanika İnstitutunda Elm Günü qeyd olunub

Botanika İnstitutunda Elm Günü qeyd olunub

AMEA Botanika İnstitutunda Elm Günü ilə əlaqədar “açıq qapı” tədbiri keçirilib. Tədbirin açılış mərasimində çoxsaylı qonaqlar, AMEA-nın müxtəlif institutlarından nümayəndələr, həmçinin Bakı Dövlət Universitetinin professor-tələbə heyəti, Bakı Avropa liseyi, Z.Əliyeva adına lisey və Kimya təmaüllü liseyin müəllim-şagird kollektivi iştirak edib. 

Əvvəlcə institutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov iştirakçıları salamlayıb, onları Elm Günü münasibətilə təbrik edib.

Daha sonra institutun direktoru, akademik Validə Əlizadə çıxış edərək bu günü Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisə kimi qiymətləndirib, elmin cəmiyyətin inkişafında xüsusi rolunu vurğulayıb.  Bildirib ki, ölkə rəhbərinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Elm günü”nün təsis olunması Azərbaycan ziyalısına və elminə göstərilən qayğının bariz nümunəsidir. 

Akademik V.Əlizadə rəhbərlik etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətlərindən söz açıb. O, institutda aparılan multidissiplinar tədqiqatlar, qurumun innovativ fəaliyyətində gənclərin rolu, xarici təcrübə və dünya elminə inteqrasiya barədə danışıb. Alim tədbir iştirakçılarını institutun zəngin Herbari fondu, innovativ Botanika müzeyi, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, İTK sektoru ilə tanış olmağa dəvət edib. 

Tədbir çərçivəsində AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” mövzusunda elmi-praktiki seminar keçirilib. Bundan başqa, institutun elmi fəaliyyətini əks etdirən sərgi və videoçarx nümayiş olunub.

Seminarda b.ü.f.d. Nuri Mövsümovanın “Qış otlaqlarında bəzi yem bitkilərinin keyfiyyət göstəricilərinin və məhsuldarlığının təyini”, Aidə İbrahimovanın “Böyük Qafqazın meşə ekosistemlərinin bitki müxtəlifliyi və mühafizəsi”, Aydan Zeynalovanın "Yabani nar: kimyəvi tərkibinin və istifadə perspektivlərinin hərtərəfli öyrənilməsi", Xatirə Qasımovanın “Mərkəzi Kür-Araz ovalığının şoranlaşmış torpaqlarında davamlı kənd təsərrüfatı” adlı məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: