Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanda coğrafiya elminin perspektivləri ilə bağlı məruzə dinlənilib
28.03.2019 14:22
  • A-
  • A
  • A+

Azərbaycanda coğrafiya elminin perspektivləri ilə bağlı məruzə dinlənilib

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Elm Günü münasibətilə elmi şuranın iclası keçirilib. 

İclasda çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov institutun fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Azərbaycanda coğrafiya elminin bugünkü vəziyyəti, perspektivləri və prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. İnstitutda aparılan tədqiqatlar barədə məlumat verən alim bildirib ki, yaxın gələcəkdə landşaft planlaşdırılmasının elmi-nəzəri və təcrübi əsasları işlənilməli, güclü antropogen təzyiq altında inkişaf edən dağ və düzənlik landşaftlarında biomüxtəliflik öyrənilməli, onların optimallaşdırılmasının prinsipial əsasları yaradılmalıdır. Geotektonik cəhətdən fəal dağlıq ərazini əhatə edən ölkəmizdə relyefin endo və ekzodinamik proseslərdən asılı olan inkişaf dinamikası yenidən tədqiq edilməli, təbii-dağıdıcı proseslərin - sellərin, sürüşmələrin, uçqunların və s. ətraf mühitə artan təsiri öyrənilməli və ekogeomorfoloji proqnoz xəritələri tərtib olunmalıdır. Müasir coğrafi informasiya sistemlərinin tələbatına müvafiq olaraq ölkənin müxtəlif məzmunlu atlas və coğrafi xəritələrin elektron variantları işlənilməlidir. Ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin elektron bazası yaradılmalı, əmək ehtiyatlarından, turizm-rekreasiya və yerli təbii ehtiyatlardan səmərəli istifadənin coğrafi problemləri tədqiq edilməlidir.

Məruzəçi bildirib ki, ölkəmizin siyasi-iqtisadi həyatında Xəzər dənizinin böyük əhəmiyyətini nəzərə alaraq kompleks tədqiqatlar davam etdiriləcək. Həmçinin dənizin səviyyə tərəddüdünün inkişaf proqnozunun modelinin hazırlanması, sahildə və dənizdə baş verən ekoloji dəyişiklikləri tədqiq etməklə onların Xəzər dənizinə və sahil zonasına təsirinin proqnoz risk xəritəsinin işlənilməsi nəzərdə tutulub. Xəzər dənizinin təbii ehtiyatlarından istifadənin və onun ölkənin iqtisadi-sosial inkişafına təsirinin elmi-təcrübi nəticələri yenidən qiymətləndirilməlidir.

Sonda tədbir iştirakçıları Elm Günü münasibətilə təşkil edilmiş sərgiyə baxıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: