www.science.az
28.03.2019 09:50

“Azərbaycanda antropologiya elminin bu günki vəziyyəti və perspektivləri” mövzusunda elmi sessiya keçirilib

Martın 27-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Elm Gününə həsr olunmuş “Azərbaycanda antropologiya elminin bu günki vəziyyəti və perspektivləri” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Azərbaycanda ilk dəfə qeyd edilən Elm Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, 1945-ci il martın 27-də  Azərbaycan Elmlər Akademiyası yaradılıb və Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə bu əlamətdar tarix Elm Günü kimi təsis olunub.

Professor M.Rəhimova Elm Günü münasibətilə institut əməkdaşlarını təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra institutun Antropologiya mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlinin “Azərbaycanda antropologiya elminin bu günki vəziyyəti və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Alim çıxışında “antropologiya” anlayışının müasir elmdə dərin mənası barədə məlumat verib. Bildirib ki, indiyədək antropologiya dedikdə əsasən fiziki antropologiya, yəni arxeoloji qazıntılar nəticəsində tapılmış insan qalıqlarının tədqiqi və ya müasir insanların fiziki-bioloji parametrləri ehtiva edilirdi. Hazırda isə antropologiya məvhumu daha geniş miqyaslı və insan mədəniyyətinin tərkib hissələri ilə bağlı bütün istiqamətləri özündə birləşdirir.

Ə.Məmmədli qeyd edib ki, qlobal təsnifatda müasir antropologiyanı iki yerə (sosial və bioloji antropologiya) ayırmaq lazımdır. O, çıxışında sosial və fiziki antropologiya üzrə aparılan tədqiqatların dünya təcrübəsindən söz açıb.

Sonda mərkəzin gənc antropoloqları apardıqları tədqiqatlar barədə sessiya iştirakçılarını məlumatlandırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.