www.science.az
28.03.2019 09:46

Akademik Vaqif Fərzəliyev: Elm Günü Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisədir

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elm Günü qeyd olunub.

Tədbirdə Kimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev Elm Gününü Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisə kimi səciyyələndirib. Bildirib ki, ölkə rəhbərinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Elm günü”nün təsis olunması alimlərə olan hörmətin, diqqətin bariz nümunəsidir.

Azərbaycanda elmin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla sadalayan V.Fərzəliyev istər sovet, istərsə də müstəqillik illərində ciddi elmi nailiyyətlərin əldə olunduğunu, ayrı-ayrı elmi istiqamətlər üzrə elmi məktəblərin formalaşdığını xüsusi qeyd edib. O, Azərbaycan elminə böyük töhfələr verən görkəmli alimlərimizin gənclər üçün böyük örnək olduğunu diqqətə çatdırıb.

V.Fərzəliyev müstəqilliyin ilk illərində akademiyanın bağlanmaq təhlükəsi ilə üzləşdiyini xatırladıb, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm sahəsinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider akademiyaya milli status verməklə, onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına zəmin yaradıb. 

Alim son illər ərzində elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, istedadlı gənclərin elmə cəlb olunması istiqamətində mühüm işlərin görüldüyünü və ciddi nailiyyətlərin əldə olunduğunu deyib: "Elmlə təhsilin inteqrasiyasının ən vacib elementi olaraq akademiyada magistratura təhsili fəaliyyətə başlayıb, universitetlərin baza kafedraları açılıb. Ən əsası elmi müəssisələrdə əldə olunan elmi nəticələrin istehsalata yol tapması üçün Yüksək Texnologiyalar Parkı yaradılıb ki, bu da alimlərimizin elmi nəticələrinin praktikada tətbiq olunmasına imkan yaradır. Bunu ölkə iqtisadiyyatına alim əməyinin töhfəsi hesab etmək olar”.

Sonra institutun Motor yağlarına aşqar kompozisiyaları laboratoriyasının müdiri, texnika üzrə elmlər doktoru, professor Həqiqət Cavadova, Yanacaqlara aşqarlar laboratoriyasının baş elmi işçisi, k.ü.f.d. Nüsrət Əliyev və Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev çıxış edərək Elm Gününün əhəmiyyətindən danışıblar.

Sonda institutun AMEA-nın Kimya Elmlər Bölməsinin fəxri fərmanına layiq görülən 5 aliminə – texnika üzrə elmlər doktoru, professor Həqiqət Cavadovaya, kimya üzrə elmlər doktoru Sabirə Sərdarovaya, kimya üzrə elmlər doktoru Mahizər Əliyevaya, kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədova və kimya üzrə elmlər doktoru, professor Əli Kazımzadəyə diplomlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.