Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm Günü Gəncə Bölməsində qeyd olunub
28.03.2019 09:51
  • A-
  • A
  • A+

Elm Günü Gəncə Bölməsində qeyd olunub

Prezident İlham Əliyevin 2018-ci il aprelin 9-da imzaladığı Sərəncamla martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.

Respublikamızın hər yerində olduğu kimi, AMEA-nın Gəncə Bölməsində də Elm Günü geniş şəkildə qeyd edilib. Bu münasibətilə keçirilən elmi-praktik konfransda son illərdə Qərb bölgəsində əldə edilmiş elmi nəticələrin hesabatı dinlənilib və əldə edilmiş elmi nailiyyətlərin sərgisi açılıb.

Tədbirdə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bugünkü elmi potensialı və ölkə başçısının diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr barədə məlumat verib.

Konfransda regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlər, bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqi, Qərb bölgəsinin mütəfəkkirləri və klassikləri, Gəncədə tarixi araşdırmalar, regionun ekoloji tarazlı və digər aktual elmi mövzularda məruzələr dinlənilib.

Uzun illər ərzində əldə olunan elmi nailiyyətlərə həsr olunan elmi nailiyyətlər sərgisi də konfrans iştirakçılarına təqdim olunub.

Sərgi ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə “Gəncə Elm Mərkəzi” kimi fəaliyyətə başlayan elm ocağının – AMEA Gəncə Bölməsinin 40 ilə yaxın fəaliyyəti dövründə həyata keçirdiyi elmi və elmi-təşkilati işlər, alimlərin elmi axtarışlarının nəticələri ilə tanışlıq xarakteri daşıyıb.

Stendlərdə Heydər Əliyevin Gəncəyə səfərləri, əsgər və zəhmətkeşlərlə görüşlərinə aid şəkillər nümayiş etdirilib. 

Burada, həmçinin AMEA-nın Gəncə Bölməsi əməkdaşlarının dünyanın aparıcı elmi jurnallarında, müxtəlif Avropa ölkələrində nəşr olunan kitab və elmi məqalələri sərgilənib. AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun nəşr etdiyi “Ulu öndər” kitabı, habelə Prezident İlham Əliyevin Gəncəyə səfərlərinə aid kitab da sərginin ekspozisiyasına daxil edilib. 

Humanitar Tədqiqatlar İnstitutunun stendində “Azərbaycan folkloru antologiyası - IX cild”, “Gəncə folkloru antologiyasının I, II, III cildləri”, “Gəncə adət-ənənələri” kitabları nümayiş etdirilib. “Azərbaycan məhəbbət dastanlarının poetikası” və “Azərbaycan folklorunda Xıdır Nəbi obrazı” kitabları da eksponatlar sırasında yer alıb.

Nizami Gəncəvi Mərkəzi sərgisində “Xəmsə” toplusu, habelə Nizaminin aforizmlərinin toplanaraq ingilis dilində nəşr edilən kitabları ilə təmsil olunub. N. Gəncəvinin yaradıcılığının tədqiqi ilə bağlı monoqrafiyalar da nümayiş etdirilən eksponatlar sırasındadır. Bölmənin nəşr etdiyi “Nizamişünaslıq” jurnalının nömrələri də iştirakçılara təqdim edilib.

Bölmənin Ekologiya və Təbii Ehtiyatlar, həmçinin Bioresurslar institutlarının əməkdaşlarının son illər apardığı elmi tədqiqatların nəticələri də sərgidə təqdim olunub.

Naftalan neftindən səhiyyədə müalicə məqsədilə istifadəsi və Qərb bölgəsində geniş yayılmış bitki ehtiyatları və aqrosənaye tullantılarından alınan bitki mənşəli yağlar maraq doğurub. Alınmış yağlar tibdə müalicə, kosmetikada məlhəm, lasyon və kremlərin hazırlanması üçün nəzərdə tutulur və elmi nailiyyətlər sərgisində nümayiş etdirilir.

Tədbirdə son illər elmi fəaliyyəti ilə fərqlənən alimlər, “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qalibləri Fəxri fərman, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Sonda konfrans iştirakçıları adından AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: