Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.03.2019 18:25
  • A-
  • A
  • A+

Nizami Muzeyində Elm Gününə həsr olunan elmi sessiya keçirilib

Nizami Muzeyində Elm Gününə həsr olunan elmi sessiya keçirilib

Martın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Elm Gününə həsr olunan elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Elmi şeir, şeirdə elm və alim şairlərimiz” mövzusunda məruzə ilə çıxış edib.

Alim müstəqil Azərbaycanın uğurla həyata keçirdiyi dövlət siyasəti proqramına ölkəmizdə hərəkətverici amillərdən olan elm sahələrinin tərəqqi və təbliği, dünya elminə inteqrasiyası yolunda görülən genişmiqyaslı işlərin də daxil edildiyini söyləyib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin mühüm sənədə əsasən bu il martın 27-si ilk dəfə olaraq ölkəmizdə Elm Günü kimi qeyd olunur. 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi isə ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi təminat vemişdir.

Akademik R.Hüseynov Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin şeir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinin də mahir bilicisi olduğunu, Azərbaycan bədii fikrinin həm də riyaziyyat, tibb, fəlsəfə kimi dünya elmlərinin də açarı olduğunu söyləyib. Qeyd edib ki, şeir, ədəbiyyat yaranandan elmlə bağlı olub. Orta əsrlərdən bəri Azərbaycan şairləri, ədibləri də elmlə məşğul olub, onlarının yaradıcılığında elmi əsərlər xüsusi yer tutub. "Şərq ədəbiyyatında tərcümə nəzəriyyəsi haqqında ilk nəzəri, fəlsəfi fikir söyləyən böyük mütəfəkkir Nizami Gəncəvi şairdən daha əvvəl alimdi. Əsərlərinin miqyasına, mahiyyətinə varanda Məhəmməd Füzuli də şair olmaqdan əvvəl alimdi. Təsadüfi deyil ki, Füzuli “elmsiz şeir, əsassız divar olur, əsassız divar qayətdə bietibar olur” deyib. Nəsirəddin Tusinin müxtəlif şeirlə yazılmış əsərləri yalnız poeziya nümunələri deyil, elmi əsərlərdir. XIX əsrdə böyük mütəfəkkir Mirzə Fətəli Axundovun şahmat haqqında böyük əsəri vardır ki, bu poema əvvəldən sonadək şahmat oynunun qaydaları haqqında bir elmi əsərdir"- deyə R.Hüseynov bildirib.

Məruzəçi əlavə edib ki, şair və alimlərimiz bütün dövrlərdə həm poeziya, həm də elmlə mükəmməl məşğul olub, əsərlərində elmi biliklərə geniş yer veriblər. Bunun da nəticəsində qiymətli elmi poeziya nümunələri yaranıb.

R.Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb. Qeyd edib ki, xalqımız dahi şair, filosof Nəsiminin 650 illik yubileyini qeyd edir. Bununla bağlı Azərbaycanın müxtəlif guşələrində Nəsimiyə həsr olunan yüksək səviyyədə tədbirlər keçirilir.

Daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri tərəfindən Seyid İmadəddin Nəsiminin qəzəllərinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə, həmçinin Nəsimi ilə bağlı Azərbaycan və ingilis dillərində iyirmidən çox lövhədən ibarət sərgi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: