Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda Elm Günü qeyd olunub
27.03.2019 16:35
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Elm Günü qeyd olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm Gününə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslıq elmi: vəzifələr və problemlər” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Elm Gününün təsis olunması ilə bağlı Sərəncamına görə ölkə Prezidenti İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib. Qeyd edilib ki, ölkəmizdə Elm Gününün təsis olunması elmə dövlət səviyyəsində böyük əhəmiyyət verilməsinin bariz göstəricisidir. Alim institut əməkdaşlarının elm bayramını təbrik edib, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan ədəbiyyatşünaslığının tarixinə nəzər salan İsa Həbibbəyli dövlət müstəqilliyi illərində yeni inkişaf mərhələsinə qədəm qoyan bu elm sahəsində institutun əməkdaşlarının gördüyü işləri diqqətə çatdırıb. Qeyd olunub ki, bu elmi müəssisə ölkəmizdə ədəbiyyat siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində həmişə aparıcı mövqedə dayanıb. Son illər ərzində Ədəbiyyat İnstitutunda nizamişünaslıq, erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, ədəbi tənqid, mətbuat tarixi və publisistika, uşaq ədəbiyyatı şöbələrinin, füzulişünaslıq sektorunun fəaliyyətə başlaması Azərbaycan ədəbiyyatının daha dərindən və əsaslı şəkildə tədqiq edilməsinə geniş imkanlar yaradır.

Elmi sessiyada institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatşünaslığı: problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə elmə göstərilən dövlət qayğısından danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: