www.science.az
19.03.2019 10:56

“Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açaraq Prezident İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladıb. O, daha sonra Qafqazşünaslığın aktual problemlərini təhlil edib.

Seminarda, həmçinin müəssisənin şöbə müdirləri - t.ü.f.d. Elnur Kəlbizadə “Siyasi tədqiqatlarda mənbələr”, Günel Musayeva “Siyasi tədqiqatların metodları”, elmi işçi Günay Feyziyeva “Siyasi tədqiqatlara dair əsərlərin yazılma qaydası” və qurumun əməkdaşı Samirə Həbibbəyli “Siyasi elm və faydalandığı elm sahələri” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə mənbələrin təsnifatı, tədqiqatçının tədqiqat prosesi üçün zəruri hazırlıqları, beynəlxalq münasibətlər nəzəriyyəsində ümumi və tətbiqi metodlardan necə istifadə olunması, elmi məqalənin və xülasənin yazılması, o cümlədən siyasi elmin fəlsəfə, hüquq, tarix və s. elmlərlə əlaqəsi barədə məlumat verilib.

Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.