Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2019 16:49
  • A-
  • A
  • A+

"Azərbaycan elmi müasir dövrdə" mövzusunda elmi seminar keçirilib

"Azərbaycan elmi müasir dövrdə" mövzusunda elmi seminar keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığı ilə 27 Mart - Elm Gününə həsr olunan "Azərbaycan elmi müasir dövrdə" mövzusunda elmi seminar keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elminin tarixi ənənələri və bugünkü inkişaf dövrü barədə danışıb. O, Azərbaycanın ali elmi qurumu olan AMEA-nın Mirəsədulla Mirqasımovun dövründə möhkəm təməllərinin yaradıldığını, Yusif Məmmədəliyevin zamanında nüfuzlu quruma çevrildiyini, Həsən Abdullayevin dövründə isə özünün qızıl dövrünü yaşadığını söyləyib.

İ.Həbibbəyli bu gün akademik Akif Əlizadənin rəhbərliyilə akademiyada mühüm islahatların aparıldığını, dünyanın 50-dən çox ölkəsi ilə elmi əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyib.

Alim ölkəmizdə daima elmə böyük diqqət göstərildiyini, Prezident İlham Əliyevin respublikada Elm gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamının bunun bariz nümunəsi olduğunu vurğulayıb.

O, bu gün elmlərin tarixinin araşdırılmasının, nəzəri və metodoloji problemlərinin əsaslandırılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib, eləcə də ETİ-nin respublikanın və xarici dövlətlərin arxivlərindən topladığı materialların zəruriliyinə toxunub.

Sonra ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli "Elm tarixinin təşəkkülü və təşkilatlanma prosesi" mövzusunda təqdimatla çıxış edib. Alim qeyd edib ki, multidissiplinar sahə olan elm tarixinin əsası XVI əsrdə ingilis filosofu, tarixçi, yazıçı Frensis Bekon tərəfindən qoyulub. Bildirib ki, sonralar belçikalı alim Corc Sorton, amerikalı tarixçi Merton Colter, rusiyalı alim Vladimir Vernadski və digərləri tərəfindən bu elm sahəsi təkmilləşdirilib.

O, Azərbaycanda elm tarixinin təşkilatlanma prosesinin isə XX əsrin 60-cı illərində Təbiətşünaslıq və texnika tarixi elmi şurasının yaradılması ilə başladığını söyləyib.

Bu gün dünyada elmlərin inteqrasiyasının getdiyini deyən M.Seyidbəyli biofizika, biokimya, molekulyar biologiya, molekulyar biofizika kimi yeni elm sahələrinin yarandığını diqqətə çatdırıb. Bundan əlavə, hazırda dünyada 140-dan çox elm tarixi kafedrasının və 5 Elm Tarixi İnstitutunun fəaliyyət göstərdiyini bildirib.

Seminarda, həmçinin t.ü.f.d. Ziyad Əmrahovun "Azərbaycanda elm və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu", sən.ü.f.d. Dilara Vahabovanın "1960-cı illərdə Azərbaycanda tarix və metadologiya elminin əsas məsələləri", f.ü.e.d., dosent Ələddin Məlikovun "Epistemologiyanın müxtəlif elmlərin təşəkkülündəki rolu" və Solmaz Namazovanın "Nizami Gəncəvinin əsərlərində tibb elmi" mövzusunda məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: