www.science.az
18.03.2019 12:00

Elm Günü çərçivəsində Sumqayıt məktəblərində görüşlər keçirilib

AMEA-nın Polimer Materialları İnstitutu və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 27 Mart - Elm Günü çərçivəsində orta məktəblərdə şagirdlərlə görüşlər keçirilib.  

Sumqayıt şəhər N.Tusi adına 12 nömrəli və Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəblərdə baş tutan görüşlərdə məqsəd şagirdlərdə elmə marağın artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlərdə institutun elmi işlər üzrə direktor müavini, k.ü.e.d. Kazım Quliyev çıxış edərək Prezident İlham Əliyevin ölkəmizdə Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və bu gün münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.

Sonra institutun elmi katibi, k.ü.f.d., dosent Solmaz Rzayeva Polimer Materialları İnstitutunun tarixi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə danışıb. Bundan əlavə, görkəmli rus alimi Dmitri Mendeleyevin kimyəvi elementlərin dövri qanunu əsasında yaratdığı elementlərin dövri cədvəlinin roluna toxunub, ensiklopedik biliyə malik kimyaçının 1984-cü ildə YUNESKO tərəfindən bütün dövrlərin və xalqların ən böyük alimi elan olunduğunu söyləyib.

Hər iki tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.