Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2019 09:15
  • A-
  • A
  • A+

Akademik Fəxrəddin Qədirov: Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir

Akademik Fəxrəddin Qədirov: Dissertasiya mövzuları müasir elmin tələblərinə uyğun seçilməlidir

AMEA Yer Elmləri Bölməsinin (YEB) növbəti büro iclası keçirilib. 

Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

İlk olaraq bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

Akademik Fəxrəddin Qədirov cari tədris ili üçün bölməyə daxil olan elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 14 nəfərin qəbul olunduğunu bildirib. Alim vurğulayıb ki, dissertasiya mövzuları Yer elmlərinin prioritet istiqamətlərini əhatə etməli və müasir elmin qarşısında duran əsas tələblərə uyğun seçilməlidir. Əlavə edib ki, müvafiq elmi sahələrin perspektiv inkişafı üçün prioritet istiqamətlərə aid seçilən mövzular  Azərbaycanda davamlı inkişafın təmin edilməsində praktik  əhəmiyyətli olmalıdır.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin “Elm gün”ü ilə əlaqədar YEB-in elmi müəssisələrinin elmi fəaliyyəti ilə fərqlənən əməkdaşlarının bölmənin Fəxri fərmanları ilə təltif edilməsi məsələsinə baxılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə “Elm günü”nün  təsis edilməsi haqqında  Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, bu, Azərbaycan elminə böyük diqqət və qayğının təcəssümü olmaqla yanaşı, elmin ölkədə əsas hərəkətverici qüvvəyə çevrilməsi üçün böyük şərait yaradır və məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi kimi elmin tərəqqisinə xidmət edir.

Daha sonra bölmənin bir qrup əməkdaşının “Elm günü” münasibətilə Fəxri fərmanlarla təltif edilməsi qərara alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: